Regionlardan mədəniyyət xəbərləri

 

Vətən qəhrəmanlarını unutmur

 

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrinin rəhbər şəxsləri və əməkdaşları Vətən müharibəsi qazisi, Qax şəhər sakini Məhəmməd Veysəllini ziyarət ediblər. Regional idarənin Qax rayonu üzrə nümayəndəliyinin həmkarlar təşkilatı tərəfindən qazinin ailəsinə ərzaq yardımı göstərilib. M.Veysəlli Şuşa döyüşlərində ayağından yaralanıb, hazırda müalicəsi davam etdirilir.

 

Şəki rayon Turan qəsəbə Musiqi məktəbinin direktoru Aygün Tağıyeva və kollektivin bir qrup üzvü Füzuli uğrunda döyüşlərdə yaralanan Hikmət Əbdülrəhimovla görüşüblər.

 

Balakən rayonu Katex kənd Folklor evinin təşkilatçılığı ilə “Vətənə məhəbbət, xalqa sədaqət, düşmənə nifrət” başlığı altında videokonfrans keçirilib.

 

Qax rayon Qaşqaçay kənd Folklor evinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Nicat Mənəfovun ailəsi və qazi Fərid Kərimovla görüş keçirilib. Fərid Kərimov döyüş yolundan söhbət açıb. Şəhid anası Cənanə Mənəfova oğlu ilə bağlı xatirələrini bölüşüb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi üzrə AğstafaQazax rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanlarını tanıyaq” mövzusunda videokonfrans keçirilib. Qeyd olunub ki, gələcək nəsillər Vətən müharibəsini tarix kitablarından, əsərlərdən oxuyacaq, bu Zəfərin əldə olunmasında canını, qanını əsirgəməyən qəhrəmanları örnək qəbul edəcəklər.

 

***

 

Sumqayıt şəhərində Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Adil İbrahimlinin xatirəsinə bulaq istifadəyə verilib. Bulaq şəhidin dostları tərəfindən inşa edilib.

 

Adil Asəm oğlu İbrahimli 2020-ci ilin Vətən müharibəsində Murovdağ, həmçinin Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa döyüşlərində iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakıda II Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən şəhidlərimizin xatirəsinin yaşadılması, onların göstərdikləri qəhrəmanlığın təbliği diqqət mərkəzində saxlanılır. Rayonun şəhidləri Toğrul Məmmədzadə, Fuad Tağıyev, Firavan Əsgərov, Mətləb Cəfərov, Sabir İsmayılov, Anar Bahadurov, Bəxtiyar Mayılov, Fərid Hüseynov, Elxan Muradov və Fərid Nağıyev haqqında qısametrajlı filmlər hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.

 

Sabirabad rayon Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Hər şey Vətən üçün” adlı tədbir keçirilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 22 saylı 2-ci Əhmədağalı kənd kitabxanası Vətən müharibəsi qazisi Əmirah Əliyev və ailəsi ilə görüş keçirib.

 

Əmirah Əliyev 1999-cu ilin 27 sentyabrında Ağdam rayonunun Əhmədağalı kəndində anadan olub. Döyüşlər başlanan zaman kəşfiyyatçı kimi ön cəbhəyə yollanıb. Oktyabrın 1-də Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb. “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Mən əsgərəm” adlı onlayn tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, ali məktəb tələbələri, “ASAN Xidmət” və muzeyin könüllüləri iştirak edib. Çıxışlarda əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqdan, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açılıb.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclərin inkişafkaryera mərkəzinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi döyüşlərində fəal iştirak edərək “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş qazi, Balakürd kənd sakini Rövşən Quliyevlə görüş keçirilib.

 

 

 

“Zəmanəsindən irəli getmiş şəxsiyyət”

 

 

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş videokonfrans keçirilib. Çıxış edənlər Nizaminin Azərbaycan və dünya ədəbiyyatına təsirindən, ulu öndər Heydər Əliyevin böyük şairin adının əbədiləşdirilməsi istiqamətində xidmətlərindən danışıblar.

 

Samux rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşəbbüsü ilə dahi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş “Zəmanəsindən irəli getmiş şəxsiyyət” adlı onlayn tədbir  keçirilib. Tədbirdə şairə həsr olunmuş videokompozisiya nümayiş olunub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin 3 nömrəli şəhər kitabxana filialı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə şairinXosrovŞirin” poeması əsasında “Kitabın nəzmi haqqında hökmdarın işarəsi” adlı videoçarx hazırlayıb.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin kənd kitabxana filialları görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin (1201-1274) 820 illiyi ilə əlaqədar “Şərqin böyük alimi” adlı videoçarxlar ərsəyə gətiriblər.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.3.