Azərbaycan bəstəkarlarının yaradıcılığında Nizami mövzuları

 

 

Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ili “Nizami ili” elan etməsi bəstəkar və musiqişünasları da çox sevindirmişdir. Onlar bu əlamətdar yubileyə öz töhfələrini vermək üçün yeni əsərlər üzərində çalışırlar. 

 

Qeyd etmək lazımdır ki, Nizami mövzuları bəstəkar yaradıcılığına hələ 1940-cı illərdən daxil olmuşdur. Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı, demək olar ki, o dövrün bütün bəstəkarları Nizami irsinə müraciət etmiş və müxtəlif janrlarda əsərlər yaratmışlar. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi bu yubileyi bir qədər təxirə salsa da, lakin 1947-ci ildə keçirilmiş yubiley tədbirləri musiqi həyatımızda böyük əks-səda doğurdu. Məhz bu dövrdə Azərbaycan bəstəkarlarının musiqi mədəniyyətimizdə yeni səhifə açandünya musiqi irsini zənginləşdirən bir sıra əsərləri yaranmışdır ki, bu gün onlar bizim musiqi klassikamıza çevrilmişdir. Nizami mövzuları bundan sonra Azərbaycan musiqisinə əbədi daxil olaraq, nəsil-nəsil bütün bəstəkarların yaradıcılığına ilham vermişdirbu mövzuda əsərlərin yaranması indidavam edir.

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Nizaminin qəzəlləri əsasında yazdığı “Sənsiz” və “Sevgili canan” romansları vokal musiqidə yeni bir janrın – romans-qəzəl janrının əsasını qoyaraq, Azərbaycan bəstəkarlarının vokal əsərlərinin yaranmasına təkan verdi. Nizaminin qəzəllərinə Fikrət Əmirovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ədilə Hüseynzadənin, Ağabacı Rzayevanın, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın və başqa bəstəkarların yazdıqları vokal əsərlər müğənnilərin repertuarına daxil olmuşdur. Son illərdə gənc bəstəkarlar da bu janra maraq göstərərək bir sıra vokal əsərlər yaratmışlar.

 

Nizami mövzularına həmçinin musiqili-səhnə və simfonik əsərlərdə də müraciət olunmuşdur. Hətta bir neçə bəstəkarın yaradıcılığında Nizami mövzularının dəfələrlə müxtəlif əsərlərdə əks olunduğunu qeyd edə bilərik.

 

Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayev Nizami mövzularına davamlı olaraq müraciət etmiş, Nizaminin sözlərinə səs və orkestr üçün üç təsnif (“Leyli”, “Şirin”, “Sarənc”), a kapella xoru üçün “Payız” əsərini, “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletinionun musiqisi əsasında iki simfonik süitanı yaratmışdır. Bu əsərlərin hər birinin öz səhnə həyatı olmuş, dünyanın bir sıra dirijorlarının idarəsi ilə orkestrlər tərəfindən ifa olunaraq, konsert repertuarlarını bəzəmişdir. Xüsusilə “Yeddi gözəl” baleti bir çox ölkələrdə səhnəyə qoyulmuş, Nizaminin humanist ideyalarını musiqi və xoreoqrafiyanın vəhdətində tamaşaçılara çatdırmışdır. Balet bu günə kimi Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının daimi repertuarında özünəməxsus layiqli yer tutur. Eyni zamanda bəstəkarın “Leyli və Məcnun” simfonik poemasının musiqisi əsasında eyniadlı birpərdəli balet tamaşası da səhnəyə qoyulmuşdur.

 

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov da Nizami irsinə müraciət edərək, “Nizami” baletini, “Nizami” simfoniyasını, “Nizaminin xatirəsinə” simfonik poemasını bəstələmişdir ki, bu əsərlər dahi şairin dövrünün, yaradıcılığının, obrazlarının füsunkar musiqi dili ilə təcəssümünü yaratmışdır.

 

Nizaminin mövzuları əsasında yaranmış balet əsərlərinin sırasında Tofiq Bakıxanovun “Xeyir və Şər”, Aqşin Əlizadənin “Nizaminin xatirəsinə”, Qalib Məmmədovun “Sirlər xəzinəsi” baletlərini də qeyd edə bilərik ki, bunlar 1980-1990-cı illərdə meydana gəlmişdir. 

 

Nizami mövzuları öz əksini opera əsərlərində də tapmışdır. Niyazinin “XosrovŞirin”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Ramiz Mustafayevin “Şirin” operalarını,  Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasını qeyd etmək olar. Bu əsərlərdən bəzisi 1940-50-ci illərdə OperaBalet Teatrında tamaşaya qoyulsa da, onların səhnə həyatı uzun olmamışdır. Bəzisi hələ də səhnələşdirilməmişdir. 1990-2000-ci illərdə də bir sıra opera əsərləri yaransa da, tamaşaya qoyulmamışdır. Oqtay Rəcəbovun “Xeyir və Şər” operası, Rəşid Şəfəqin “Bayquşların söhbəti” nağıl-operası, “İsgəndərin sirri” uşaq radio-operası, Eldar Mansurovun “Yeddi gözəl” rok-operası Nizami mövzularının müxtəlif təfsirlərini yaradan əsərlər kimi musiqimizə daxil olmuşdur və səhnə təcəssümünü gözləyir.  Yəqin ki, bu yubiley ilində OperaBalet Teatrında bu əsərlərə yenidən nəzər salınaraq, müasir səhnə quruluşu ilə tamaşaçılara təqdim ediləcək.   

 

Bəstəkarlarımız simfonik musiqinin müxtəlif janrlarında Nizami mövzularının təcəssümünü vermişlər. Qara Qarayev və Fikrət Əmirovdan sonra Məmməd Quliyev, Midhət Əhmədov, Nəriman Məmmədov, Tofiq Bakıxanov, Məmmədağa Umudov və başqaları simfoniyalar, simfonik poemalar, simfonik süitalar, xoreoqrafik şəkillər, balet süitaları yaratmışlar. Bu sahədə yaradıcılıq işi bu gündavam edir və inanırıq ki, “Nizami ili”ndə bəstəkarlarımız öz yeni simfonik əsərləri ilə konsert səhnələrinə çıxacaqlar.

 

Bu xüsusda görkəmli bəstəkar Firəngiz Əlizadənin yaradıcılığında Nizami irsinə həsr olunmuş əsəri qeyd etmək istərdik: “Gottes ist der Qrient” oratoriyası alman şairi Y.V.Hötenin “Şərq-Qərb divanı”na əsaslanaraq, Nizaminin poeziyası ilə əlaqələri əks etdirir (Azərbaycan və alman dillərində). Əsər ilk dəfə 2000-ci ildə Almaniyanın Köln şəhərində “Triennale” festivalında, daha sonra Amerikada və İsveçrədə ifa olunmuşdur və istərdik ki, bu əsər Azərbaycanda da öz təfsirini tapsın.

 

Nizaminin qəzəlləri əsasında yazılmış xor əsərlərindən Cahangir Cahangirovun “Qəzəl”, Cövdət Hacıyevin “Ey gül”, Məmməd Quliyevin “İki dastan” və s. ilə yanaşı, son illərə aid Məmməd Cəfərovun “Dahi Nizami”, Mehriban Əhmədovanın “Ey səba” xor əsərləriniqeyd etmək olar.

 

İnstrumental musiqi sahəsində bir sıra bəstəkarlar Nizaminin obrazlarına müraciət etmişlər. Qalib Məmmədovun simli kvartet, solo fleytafortepiano üçün “Nizaminin xatirəsinə” elegiyası, Sərdar Fərəcovun orqan üçün “Qəsidə” sonatası və s. diqqətəlayiq əsərlərdir.

 

Nizami yaradıcılığı musiqişünasların da tədqiqat obyektinə çevrilmişdir. Musiqişünas-alimlərdən Səadət Abdullayevanın “Nizamidə musiqi, musiqidə Nizami”, Sevda Qurbanəliyevanın “Nizami Gəncəvinin yaradıcılıq irsi və Azərbaycan bəstəkarlarının vokal əsərləri”, “Nizami Gəncəvi və Fikrət Əmirovun musiqi dünyası” və s. kitabları, musiqişünaslar tərəfindən yazılmış onlarla məqalələr şairin yaradıcılığının musiqi ilə əlaqələrinin tədqiqi məsələlərinə həsr olunmuş və nizamişünaslığa öz töhfəsini vermişdir.

 

Bununla yanaşı, Nizaminin sözlərinə yazılmış əsərlər əsasında çoxsaylı müxtəlif alətlər və ansambllar üçün işləmələr meydana gəlmiş və not məcmuələri çap olunmuşdur. Bütün bunlar musiqi ifaçılarının konsert və tədris proqramlarında Nizami irsinin mühüm yer tutduğunu və hər yeni gələn musiqiçilər nəslinin bu zəngin irsdən bəhrələndiyini sübut edir.

 

Göründüyü kimi, Nizami mövzuları Azərbaycan bəstəkarlarının və musiqişünaslarının yaradıcılığında mühüm yer tutur. Əlbəttə ki, bir məqalə daxilində bütün bəstəkarların yazdıqları əsərlərin adını çəkə bilməsək də, qeyd etdiyimiz əsərlər Nizami yaradıcılığının bəstəkar əsərlərində geniş və çoxcəhətli təfsirini əks etdirir.

 

“Nizami ili” bəstəkar və musiqişünaslarımız qarşısında yeni yaradıcılıq məqsədləri qoyur. Azərbaycan Bəstəkarlar İttifaqında bununla bağlı tədbirlər planlaşdırılır. Bəstəkarların yeni əsərlərinin dinlənilməsinə, musiqişünasların yeni kitablarının nəşrinə hazırlıq gedir.

 

Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Nizaminin sözlərinə qəzəl-romans müsabiqəsinin keçirilməsi də bu xüsusda önəmli layihədir. Müsabiqədə bəstəkarların səs və instrumental ansamblın müşayiəti ilə qəzəl-romanslarının təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədə müxtəlif nəsillərdən olan bəstəkarların iştirak etməsi onların yaradıcılıq diapazonunun rəngarəngliyini nümayiş etdirəcək. 

 

Əminik ki, “Nizami ili”ndə bəstəkar və musiqişünaslarımız öz uğurlu əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirəcək, dahi Azərbaycan şairi Nizaminin obrazını, qəhrəmanlarının dili ilə söylədiyi bəşəri ideyaları musiqimizdə əbədiləşdirəcəklər.

 

Cəmilə HƏSƏNOVA

sənətşünaslıq üzrə elmlər doktoru, professor, Bəstəkarlar İttifaqının məsul katibi

 

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.7.