Musiqilərdə yaşayan şair ömrü

Yazının başlığı oxucularımıza qəribə gəlməsin. Haqqında söhbət açacağım sənətkar tanınmış şair, publisist olsa da, o daha çox musiqi əsərlərində, mahnılarda yada salınır. Nəğməkar şair Zeynal Cabbarzadə. Mərhum şairin ömür səhifələrinə nəzər salanda, bu epitetin təsadüfi olmadığı aydın görünür.

 

Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində anadan olub. Xəzərin sahilində dünyaya gələn şairin misraları da elə dəniz pıçıltıları qədər ahəngdar olmalı idi, deyilmi? Bu həzin pıçıltılar şairi bütün həyatı boyu izləyərək şeirlərinin musiqi dilinə çevrilməsinin səbəbkarına çevrilib.

 

Kiçik yaşlarından bədii yaradıcılığa həvəs göstərən Zeynal ara-sıra şeirlər də qələmə alır. Puşkin adlı ilk şeirini 1937-ci ildə görkəmli rus şairin vəfatının 100-cü ildönümü münasibətilə yazmışdı.

 

Zeynal Cabbarzadə 1937-1941-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat fakültəsində təhsil alır. Məzun olduqdan sonra müxtəlif qəzet redaksiyalarında çalışır. Bir müddət Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində ədəbiyyat müəllimi işləyir.

 

1941-ci ilin avqustunda İkinci Dünya müharibəsi ilə əlaqədar səfərbərliyə alınaraq hərbi təhsil üçün Suxumiyə göndərilir. Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasının tərkibində döyüşlərə qatılır. Hərbi əməliyyatlardan birində ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirir. 1943-cü ildə səhhəti ilə əlaqədar baş leytenant rütbəsi ilə ordudan tərxis olunur. O, Bakıda hərbi xəstəxanaların birində yatdığı zamanda belə qələmini yerə qoymur, şeirlərini Azərbaycan Yazıçılar İttifaqına göndərir. Xalq şairi Səməd Vurğun onun səhhətindən xəbər tutur, şeirlərini Ədəbiyyat qəzetində çap etdirir, özünü isə ittifaqa üzv qəbul etdirir. Zeynal Cabbarzadə uzun illər Pioner jurnalının məsul redaktoru olur. Yazıçılar İttifaqında Natəvan adına klubun müdiri, Ədəbiyyat qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyir.

 

Nəğməkar şair kimi tanınan qələm sahibinin sözlərinə müxtəlif bəstəkarlar tərəfindən 250-dən çox mahnı bəstələnib. Böyük bəstəkar Qara Qarayev 1950-ci müəllifin Sülh şeirinə mahnı yazır. Bundan əlavə, görkəmli bəstəkar Fikrət Əmirovun Quşlar, Qatar, Bahar gəlir mahnılarının sözləri də Zeynal Cabbarzadəyə məxsusdur. Səid Rüstəmovun onun sözlərinə bəstələdiyi Sürəyya mahnısı da dillər əzbəri olub. Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlu kimi sənətkarlar da şairin yaradıcılığına müraciət ediblər.

 

Şair həmçinin bir çox filmlərimizə bəstələnmiş unudulmaz mahnıların sözlərinin müəllifidir. Ögey ana, Ulduz, Telefonçu qız, Görüş, Koroğlu (Tələt Əyyubovla birgə) və s. filmlərdə qəlblərə yol tapan mahnıların dəyərini artıran həm də şeirlərin gözəlliyidir. Çünki Zeynal Cabbarzadə şeirlərində söz ilə musiqinin qarşılıqlı əlaqəsi səciyyəvi xarakter daşıyır. Bu səciyyəviliyi yaxşı duyan görkəmli bəstəkar Tofiq Quliyev mahnılarında şairin poetik misralarının lirik əhval-ruhiyyəsini xüsusilə ön plana çəkirdi. Bundan əlavə, şairin Həyat bizi sınayır, Yenilməz batalyon, Onu bağışlamaq olarmı? filmlərinin musiqilərinə yazdığı mətnlər də diqqətəlayiqdir. Şairin film musiqiləri sırasında bu gün ən çox səsləndirilən mahnılar arasında Yenilməz batalyondakı Teymurun mahnısı xüsusi yer tutur. Ümumiyyətlə, filmlərə yazılmış mahnıların mətnləri yarım əsrdən çoxdur dillərdə dolaşır, qəlblərə hərarət gətirir, müəllifini unudulmağa qoymur.

 

Şairin yaradıcılığında poetik obraz hər zaman göz önündədir. Əziz Vətən şeirində müəllif ana yurdun zənginliklərini, onun müqəddəsliyini, igid və mərd oğullarını vəsf edir:

 

Döyüş günü yad bağrını qanadan,

Qüdrətilə od çıxaran dəryadan,

Şiş dağları özülündən oynadan,

Fərhad kimi övladları var onun.

 

Anamız sənsən,

Canımız sənsən,

Elin şöhrəti,

Sözü, söhbəti,

Ey əziz Vətən.

 

Ömrü nəğməyə çevrilən şair 1977-ci il yanvarın 20-də, yaradıcılığının ən bəhrəli çağında, 57 yaşında bu dünyadan köçüb. Bu gün Zeynal Cabbarzadə yaradıcılığı, onun sözlərinə yazılmış musiqilər neçə-neçə müğənninin repertuarında yer tutur. Bu mahnılar təkcə ifaçılarına uğur, şöhrət gətirmir, həmçinin insanlarda nostalji duyğular yaradır, könülləri oxşayır.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.6.