Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”

 

 

Azərbaycan İCESCO-nun bu məsələdə birgə çalışmaq istəyini yüksək qiymətləndirir

 

Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  bu sözləri fevralın 11-də İCESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi videokonfransda çıxışı zamanı deyib.

 

Belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə İCESCO-nun Baş direktoruna təşəkkürünü bildirən Mehriban Əliyeva qeyd edib ki, bu dəvəti Azərbaycanda qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı həyata keçirilən siyasətə verilən yüksək qiymətin təzahürü hesab edirəm: “Mən İslam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir və Azərbaycan ilə İCESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm. BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, bugünkü müzakirə mövzusuna Baş direktor tərəfindən diqqətin yönəldilməsini alqışlayıram”.

 

Birinci vitse-prezident vurğulayıb ki, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiyainnovasiya zərurətə çevrilib. Elmgender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.

 

İCESCO-nu 2021-ci ili “Qadınlar İlielan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik edən Mehriban Əliyeva deyib: “Bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün COVİD-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVİD-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik.

 

Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, – bir əsrdən öncə, – sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.

 

Birinci vitse-prezident diqqətə çatdırıb ki, bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizinielmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

 

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

 

Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr veribonlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır. Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”, – deyə Mehriban Əliyeva bildirib.

 

Elm, texnologiya və innovasiyanın dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “İCESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.

 

Birinci vitse-prezident çıxışında 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfərdən də söz açaraq Ermənistanın işğal etdiyi ərazilərin 30 ildən sonra azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə İCESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığını ifadə edib. Qeyd edib ki, bu ilin yanvar ayında Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə İCESCO-nun nümayəndə heyəti ölkəmizdə səfərdə olub, o cümlədən azad olunmuş bəzi ərazilərə səfər edib. İCESCO heyəti azad olunmuş torpaqlarda məscidlərin təhqir olunması, tarixi abidələrin dağıdılması və vandalizmin miqyasının şahidi olub.

 

Azərbaycan dövlətinin bu torpaqların bərpasına başladığını diqqətə çatdıran Birinci vitse-prezident deyib: “Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində İCESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, İCESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.

 

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.2.