Şeirimizin bayraqdarı

 

Səməd Vurğunun 115 illiyi münasibətilə kitabxanalar üçün metodik vəsait

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi Şeirimizin bayraqdarı adlı vəsaiti istifadəçilərə təqdim edib.

 

Xalq şairi Səməd Vurğunun anadan olmasının 115 illiyi münasibətilə hazırlanan metodik vəsait şəhər-rayon mərkəzi kitabxanalarının uşaq şöbələri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

 

Vəsaitdə şairin zəngin yaradıcılığı üç yüzdən çox şeir, iyirmiyə yaxın poema, dörd mənzum dram, iki yüzə yaxın məqalə və oçerki haqqında məlumat verilib.

 

Vəsaitin birinci hissəsində Səməd Vurğunun zəhmət adamlarının əməyini, hünərini ustalıqla qiymətləndirdiyi Buxtada, Bir səhər, Muğanın yeni dövranı, Mingəçevir işıqları və s. məşhur oçerkləri, həmçinin şairin tərcümə etdiyi dahi Nizaminin Leyli və Məcnun poeması, rus şairi A.S.Puşkinin Yevgeni Onegin mənzum romanı, Ş.Rustavelinin Pələng dərisi geymiş pəhləvan poeması, M.Qorkinin Qız və ölüm nağıl-poeması haqqında məlumat təqdim edilir.

 

Vəsaitin ikinci hissəsində şairin Vaqif, Fərhad və Şirin, İnsan kimi qiymətli dram əsərlərinin müzakirəsi verilib.

 

Üçüncü hissədə isə şairin uşaqlar üçün qələmə aldığı Sənət, Bahar şərqisi, İki körpə, Sünbül, Tarla nəğməsi, Uşaq bağçası, Deyin, gülün, övladlarım, Ayın əfsanəsi, Vətəninə məftun olacaqdır şeirləri əsasında hazırlanacaq ədəbi-bədii gecənin ssenarisi yer alıb.

 

Vəsaitin sonunda mövzuya uyğun ədəbiyyat siyahısı təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.