Tarixi yaşadaraq tarixin yaddaşına köçən ömür

 

İnsan Dünyaya gəlir, taleyini, ünvanını bilmədən. Pis, dar günə dözüm, iradə göstərərək, yaxşı günə sevinə-sevinə bir yola başlayırıq bu dünyada. Bəlkə də seçmədiyimiz bu cığırlar, yollar taleyimizə yazılan ünvanımızdır? Ömür boyunca yaşadıqlarımız, əldə etdiklərimiz izə çevrilir. Biz bu dünyada olmasaq belə bu izlər yaşayır, tarixdə qalır...

 

Səfalı, gözəl təbiətli, qədim və zəngin keçmişə malik Qəbələnin tarixini vərəqləyərkən neçə-neçə izlərə rast gəlirik. Tarixin hər səhifəsində müxtəlif maraqlı talelər, müxtəlif sənət və peşə sahibləri var. Əməkdar mədəniyyət işçisi, uzun illər Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş Xalis Məmmədov da bu dünyada iz qoydu.

 

Onun həyat, fəaliyyət yolu, zəhmətinin bəhrəsi Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində aydın şəkildə görünməkdədir. X.Məmmədov  ömrünün çox hissəsini Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, İsmayıl Qutqaşınlının Xatirə Ev-Muzeyinin qurulmasına həsr etmiş, toplayıb ərsəyə gətirdiyi materialları tariximizə töhfə vermişdir. Bütün bunlar onun tariximizə, mədəniyyətimizə olan böyük sevgisindən, marağından, ehtiramından irəli gəlmişdir. 1980-ci ildə Qəbələdə muzey açılarkən öz şəxsi kolleksiyasını buraya təqdim etməsi rayon əhalisinin, eləcə də Mədəniyyət Nazirliyinin böyük marağına səbəb olmuşdu.

 

Xalis Xalid oğlu Məmmədov 15 may 1946-cı ildə Qəbələnin Bum kəndində anadan olmuşdu. 1964-cü ildə Bum kənd orta məktəbindən məzun olmuş, 1971-ci il  N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunu fərqlənmə diplomu ilə, 1978-ci ildə  Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini əla qiymətlərlə bitirmişdi. 40 ilə yaxın müddətdə Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmişdir. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini əsaslı şəkildə təmin etdikdən sonra X.Məmmədov böyük əmək sərf edərək İsmayıl bəy Qutqaşınlının Xatirə Ev-Muzeyinin açılması üçün tədqiqat işlərinə başlayır. Xeyli material əldə edərək tədqiqat işlərini davam etdirmək üçün MoskvaSankt-Peterburqa (Leninqrad) ezam olunur. İ.Qutqaşınlının ədəbi irsinin, həyat və fəaliyyətinin araşdırılması, elm aləminə məlum olmayan faktlara aydınlıq gətirmək, tariximizə xidmət yolunda əzm və fədakarlıqlar göstərərək istəyinə nail olur və 1986-cı ildə böyük təntənə ilə muzey açılır.

 

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi və İsmayıl bəy Qutqaşınlının Xatirə Ev-Muzeyi X.Məmmədovun gərgin əməyinin bəhrəsidir. İllərdir hər iki mədəniyyət müəssisəsi istər yerli əhaliyə, istərsə də Qəbələyə gələn yerli və əcnəbi qonaqlara mədəni xidmət göstərir.

 

Bu muzeylərin yaradılması üçün böyük əmək sərf edən bir ömür, bir talebundan sonra muzey materialı, mövzusu olaraq tarixə çevriləcək. X.Məmmədov bu günlərdə ömrünün 75-ci ilində həyata vida etdi. Əməyinin bəhrəsi olan hər bir şey həyatda qalaraq xalqın tarixi kimi öyrəniləcək, təbliğ ediləcək. Biz isə onun haqqında yalnız bir kəlməni deyirik: Xalis müəllim tarixi yaşadaraq tarixin yaddaşına köçən ömür yaşadı. Allah rəhmət eləsin, əbədiyyət dünyasında da nur içində yatsın.

 

İlhamə SEYİDOVA

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.5.