Bəstəkar Faiq Nağıyevin yaradıcılıq portreti

 

Bu günlərdə dahi bəstəkar Qara Qarayevin yetirməsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru, təcrübəli pedaqoq, nəcib insan Faiq Nağıyevin 75 yaşı tamam oldu. Azərbaycan xalq musiqisini dərindən bilən, müasir bəstəkarlıq texnikasına yaxından bələd olan, daima yeni ifadə üsulları axtaran bəstəkarın yaradıcılığının əsas qayəsini yüksək bəşəri ideyaların bədii inikası təşkil edir. Onun əsərlərində Vətənin tərənnümü, xalqın azadlıq mübarizəsi, qəhrəman şəhidlərin xatirəsi kimi mövzular parlaq bədii əksini tapmışdır.

 

Ötən əsrin 70-ci illərində müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar musiqinin müxtəlif janrlarında əsərlər yazmışdır. O, iki simfoniya, iki simfonik poema, Şəhidlərdən şəhidlərə simfonik süitası (eyniadlı sənədli filmin musiqisi əsasında), vokal-simfonik əsərlər (Ana torpaq kantatası, Sumqayıt və Azadlıq odaları), xor üçün Qara Qarayevin xatirəsinə konsert, pianosimli orkestr üçün Tokkata-poema, simli kvartet, xor miniatürləri, kamera-instrumental əsərlər, mahnı və romanslar, kino musiqisinin müəllifidir.

 

Bəstəkarın yaradıcılığında xor musiqisi xüsusi yer tutur. Onun solista`kapella xoru üçün Qara Qarayevin xatirəsinə konserti Azərbaycanda xor konserti janrında yazılmış ilk əsərdir. Bəstəkarın xor miniatürləri respublikamızın, eləcə də bir sıra xarici ölkələrin (Rusiya, Türkiyə) xor kollektivlərinin ifasında dəfələrlə səslənmişdir. Bu əsərlər Bakı Musiqi Akademiyasının və musiqi kolleclərinin tədris proqramına daxil edilmişdir.

 

1946-cı il fevralın 13-də Gəncədə anadan olan Faiq Nağıyev ilk musiqi təhsilini 1955-1960-cı illərdə şəhər 1 saylı uşaq musiqi məktəbinin kamança sinfində almış, Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun kamança sinfində təhsilini davam etdirmişdir. Ali musiqi təhsilini iki ixtisas musiqişünaslıq (1964-1969) və bəstəkarlıq (1969-1975) üzrə almışdır. 1969-cu ildə o, professor Məmmədsaleh İsmayılovun rəhbərliyi ilə yazdığı Humayun vokal-instrumental muğamı mövzusunda diplom işini təqdim edərək, Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) musiqişünaslıq ixtisası üzrə bitirir. Bəstəkarlıq ilə ciddi şəkildə məşğul olmağı qərara alan F.Nağıyev həmin ildə konservatoriyanın Bəstəkarlıq fakültəsinə daxil olur. Qəbul imtahanında dahi bəstəkar, professor Qara Qarayev gənc bəstəkarın təqdim etdiyi əsərləri yüksək qiymətləndirir və onun piano üçün sonatasında Prokofyev musiqisinin təsiri olduğunu xüsusi qeyd edir. F.Nağıyev böyük pedaqoq Qara Qarayevin sinfində kompozisiya, musiqi forması, müasir bəstəkarlıq texnikası sahəsində mükəmməl biliklərə yiyələnir. Bu illərdə Q.Qarayevin sinfində F.Nağıyevlə yanaşı F.Əlizadə, İ.Hacıbəyov, A.Əzimov, E.Dadaşova və başqaları təhsil almışlar. Q.Qarayev hər bir tələbənin yaradıcılıq potensialını öncədən görüronun müstəqil üslub xəttini istiqamətləndirirdi.

 

1975-ci ildə F.Nağıyev böyük simfonik orkestr üçün yazılmış 1 saylı simfoniyanı diplom işi kimi təqdim edərək konservatoriyanı bitirir. Müxtəlif musiqi janrlarına müraciət edərək öz yaradıcılıq axtarışlarını davam etdirir. Bu dövrdə bəstəkarın yaradıcılığında əsasən xor musiqisivokal-simfonik janrlı əsərlər üstünlük təşkil etməyə başlayır. 1977-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan F.Nağıyevin xor musiqisi nəinki respublikamızda, onun hüdudlarından kənarda da rəğbət qazanmışdı.

 

1977-ci ildə Azərbaycan Xor Cəmiyyətinin nəzdində Kamera xoru (bədii rəhbər Ləman Atakişiyeva) yaradılır. Qeyd etmək lazımdır ki, o dövrdə Kamera xoru bir sıra gənc bəstəkarların yaradıcılıq laboratoriyasına çevrilmişdi. F.Nağıyevlə yanaşı A.Əzimov, C.Quliyev, A.Dadaşov da bu kollektiv üçün xor miniatürləri yazmışlar.

 

Bəstəkarın orijinal musiqi dili ilə seçilən xor miniatürləri Azərbaycan xor sənətinin inkişafında mühüm rol oynamış musiqi nümunələridir. 1978-ci ildə Məhsəti Gəncəvinin sözlərinə yazdığı Şamxalq bayatılarına yazılmış Aşiqəm Kamera xorunun daimi repertuarına daxil edilmişdi.

 

Bu dövrdə respublikanın uşaq xor kollektivlərinin repertuarında Azərbaycan bəstəkarlarının əsərləri azlıq təşkil edirdi. F.Nağıyev xor üçün bir sıra mahnılar Əl üstə kimin əli (söz: X.Rza), Nərgizin mahnısı (söz: M.Dilbazi), Xatırlayarsan məni (söz: M.Seyidzadə) və s. yazmışdır. Əl üstə kimin əli əsəri 1979-cu ildə Rusiyanın Kirov şəhərində keçirilən Ümumittifaq Uşaq Xor Festivalında (tərcümədə) müvəffəqiyyətlə ifa edilmişdi.

 

Bəstəkarın yaradıcılığında xüsusi yer tutan əsərlərdən biriXaqani Şirvaninin sözlərinə solistakapella xoru üçün Qara Qarayevin xatirəsinə konsertdir. Əsər ilk dəfə 1991-ci ildə Moskvada SSRİ Bəstəkarlar İttifaqının VIII Qurultayı günlərində P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Azərbaycan Dövlət Xor Kapellasının (dirijor Elnarə Kərimova) ifasında səslənmişdir.

 

Azərbaycan xor musiqisi sahəsində yeni söz olan bu əsəri (ilk dəfə konsert janrına müraciət) dahi bəstəkar, böyük müəllim Q.Qarayevin xatirəsinə həsr edilmiş rekviyem də adlandırmaq olar. Xor musiqisində ilk dəfə İslam motivlərinə müraciət edən bəstəkar Azərbaycan milli musiqi folklorunun ənənəvi janrları olan mərsiyə və mədhiyyənin ifadə xüsusiyyətlərindən, matəm mərasimlərinə xas intonasiyalardan istifadə etmişdir.

 

F.Nağıyevin əsərləri mütəmadi olaraq Azərbaycan Bəstəkarlar İttifaqının qurultay, plenum, festivals. konsert proqramına daxil edilərək ifa edilir. Bəstəkarın Xəlil Rzanın sözlərinə metso-soprano, qiraətçi, qarışıq xorböyük simfonik orkestr üçün Ana torpaq kantatası (1979) ilk dəfə 1986-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının Gənc bəstəkarların əsərlərindən ibarət Plenumunda böyük uğurla ifa edilmişdir. Solo violin üçün sonatasını ilk dəfə 1983-cü ildə Bəstəkarlar İttifaqının konsert salonunda görkəmli violin ifaçısı Bəyazit Axundov səsləndirmiş, sonralar bu əsər Ankara şəhərində dəfələrlə ifa edilmişdir. 2012-ci ildə isə əsər bəstəkarın yeni redaktəsi ilə Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının konsert proqramına daxil edilərək, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin təfsirində səslənmişdir.

 

Ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi, Xocalı soyqırımı vətənpərvər insan kimi F.Nağıyevin də qəlbində təlatüm yaratmışdır. Bəstəkarın 1991-ci ildə rejissor Xamis Muradov tərəfindən Salnamə studiyasında çəkilmiş Şəhidlərdən şəhidlərə adlı sənədli filmə yazdığı musiqidə bu faciəvi hadisələr öz əksini tapmışdır.

 

Bəstəkarın memorial səciyyə daşıyan əsərlərindən biri də 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə yazdığı qarışıq xorböyük simfonik orkestr üçün rekviyem Xocalı harayı əsəridir.

 

F.Nağıyev bəstəkarlıqla yanaşı pedaqoji fəaliyyət də göstərir. Müxtəlif illərdə Gəncə şəhər 2 saylı Uşaq musiqi məktəbində, Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunda, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda, Lənkəran Dövlət Universitetində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Milli Konservatoriyasının Milli musiqinin tarixi və nəzəriyyəsi kafedrasının professorudur.

 

Öz pedaqoji fəaliyyətində həmişə böyük müəllimindən əxz etdiyi metodikanı əlində rəhbər tutan F.Nağıyev Azərbaycan professional musiqi ənənələrini davam etdirərək, gənc musiqiçilər nəslinin hazırlanması sahəsində yorulmadan çalışır. 2007-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən F.Nağıyev həmçinin, fəal musiqiçi-ictimai xadimdir. O, Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007) və IX (2012) qurultaylarında ABİ-nin İdarə Heyətinin üzvü seçilmişdir. ABİ-nin Xor musiqisi bölməsinin sədri kimi təşkilatın işində yaxından iştirak edir.

 

Yaradıcılığının kamillik dövrünü yaşayan, yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq, milli musiqi mədəniyyətimizin tərəqqisi naminə yorulmadan çalışan bəstəkarı 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yazıb-yaratmaq eşqi arzulayırıq.

 

Sevda HÜSEYNOVA

musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.6.