Azad torpaqlara növbəti mediatur

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan ağıllı kənd layihəsi ilk olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Bu barədə Prezident İlham Əliyev fevralın 14-də Zəngilan rayonuna səfəri zamanı bildirmişdi.

 

Fevralın 18-də media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri təşkil olunub. Media nümayəndələri bu ərazi ilə tanış olublar.

 

İşğaldan azad olunmuş digər yerlərdə olduğu kimi, Üçüncü Ağalı kəndində də erməni barbarlığının nəticələri göz qabağındadır. Kənddə demək olar ki, bütün evlər dağıdılıb. Böyük ağaclar kəsilib.

 

Bildirilib ki, ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu, modern, şəhərtipli qəsəbə olacaq. Kənddə layihənin icrası beş əsas komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı, alternativ enerji sahələri.

 

Daha sonra media nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkiblər. Zəngilanın məşhur çinar meşəsi bu çayın sahilində yerləşir. İşğalçılar burada çoxillik çinar ağaclarını kəsib, ərazidə ekoloji terror həyata keçiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısı məhv edilib, yaşı təqribən 200-300 il olan ağacları kəsilib, kökü, oduncağı yandırılıb. Erməni barbarlığının iz qoyduğu Bəsitçay qoruğu da bərpa olunacaq.

 

Media mənsubları daha sonra Laçın rayonunun Güləbird kəndində, Həkəri çayı üzərindəki su elektrik stansiyası ilə tanış olublar. 8 meqavat gücündə stansiya fevralın 14-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

 

Jurnalistlər Güləbird kəndindəki məzarlıqda da olublar. Erməni barbarlığının izləri qalan məzarlıqda Azərbaycan aşıq ədəbiyyatının böyük ustadlarından Sarı Aşığın məzarı da tanınmaz hala salınıb. Məzarın üzərindəki türbə dağıdılıb, türbənin qarşısında ucaldılmış abidə kompleksi məhv edilib. XVII əsrdə yaşamış Sarı Aşığın məzarı əsrlər boyu yerli əhalinin ziyarət yeri olub.

 

Qəbiristanlıqda IX əsrə aid sənduqə və daş heyvan fiqurları da erməni vandalizmi ilə üzləşib. Sənduqə və heyvan fiqurlarının çoxu oğurlanıb. Güləbird kəndinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş şəhidlərinin məzarları da dağıdılıb.

 

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.2.