Ankarada “Bizim Yunus İli”nin açılış mərasimi keçirilib

 

2021-ci il Türkiyədə həmçinin “İstiqlal Marşı”, “Hacı Bektaşi Vəli” ili elan olunub

 

Xəbər verdiyimiz kimi, Türkiyədə 2021-ci il böyük şair və mütəfəkkir, türk dili və mədəniyyətinin görkəmli nümayəndəsi Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə Yunus Əmrənin xatirəsinin anılması (“Bizim Yunus”) və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı yanvarın 29-da xüsusi təlimat – genelge imzalamışdı. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin Dövlət Himninin – “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə geniş şəkildə qeyd ediləcək.

 

Fevralın 16-da Ankaradakı Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində “Bizim Yunus İli”nin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Türkiyənin tarix və mədəniyyət baxımından çox əhəmiyyətli ildönümlərinin olduğuna diqqət çəkib: “Bu il İstiqlal Marşının qəbulunun 100-cü ili, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ili, Yunus Əmrənin vəfatının 700-cü ilidir. Bizim üçün belə vacib bir il olan 2021-ci ili mənasına uyğun şəkildə qeyd etmək istədik. Bu məqsədlə də 2021-ci ili “İstiqlal Marşı”, “Yunus Əmrə” və “Hacı Bektaşi Vəli” ili elan etdik”.

 

Türk dilinin milli kimlik, əsrlər boyu mədəniyyətimizin daşıyıcısı olduğunu bildirən Ərdoğan “unutmayaq ki, Vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”, deyə vurğulayıb.

 

Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yeri tutduğunu diqqətə çatdıran Türkiyə Prezidenti deyib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcədən istifadə olunur: “Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarla insanı eyni qəlbdə birləşdirən türkcədir. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün alimlərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir”.

 

Ərdoğan bu gün türk dilinin qarşılaşdığı əngəllər və təhlükələrdən də bəhs edib: “Sosial media dili xüsusilə gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilib. Küçə lövhələrində əcnəbi sözlər işlətmə xəstəliyi, danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükədə qoyub. Ona görə də türkcəmizi qorumadanmilli kimliyimizə sahib çıxa, nə türk dünyası ilə əlaqələr qura, nə də dünyadakı hədəflərimizə çata bilərik. Biz türkcəmizi qorumalı, zənginləşdirməliyik”.

 

Yunus Əmrənin “Dil hikmətin yoludur” sözlərini xatırladan Türkiyə Prezidenti 2021-ci ildə “Dünya dili türkcə” devizi ilə türk dili üçün səfərbərlik elan edəcəklərini də vurğulayıb. Bildirib ki, Yunus Əmrəni bəşəriyyət üçün ortaq bir dəyər kimi təqdim etmək, eləcə də türk dilinin yaşamasında xidmətlərini dəyərləndirmək üçün, türk dilinin mədəniyyət dili olaraq doğru istifadəsinə töhfə olaraq ölkə daxilində və xaricdə silsilə tədbirlər keçiriləcək.

 

Türkiyə Prezidenti öz çıxışında  UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycanın verdiyi dəstəyə görə ölkəmizə  təşəkkürünü də  ifadə edib. Həmçinin 1991-ci ilin UNESCO tərəfindən “Yunus Əmrə və sevgi ili” elan edilməsindən sonra bu ilUNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunmasında Azərbaycan, BosniyaHerseqovina, Şimali Makedoniya və Özbəkistanın UNESCO-dakı təmsilçilərinin xidmətlərinin olduğunu diqqətə çatdırıb.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.8.