Moskvadakı Millətlər Evində Nizami Gəncəvinin 880 illiyi qeyd olunub

Moskvadakı Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib. Məhəmməd Əmin Rəsulzadə Məclisi və Bakılılar mədəni-maarifləndirici klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə rusiyalı və azərbaycanlı elm adamları, ədəbiyyatşünaslar, Rusiyadakı Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak ediblər.

 

Tədbiri Bakılılar klubunun rəhbəri Cəmil Sadıxbəyov açaraq Şərq və dünya İntibah dövrünün görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin 880 illiyinin Rusiya paytaxtında qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Nizami yaradıcılığına, bütün dünyada olduğu kimi, Rusiyada da önəm verildiyini bildirib: Rusiya Prezidenti Vladimir Putin 2002-ci ildə Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin açılışı zamanı dahi Azərbaycan şairi haqqında çıxış edib. O, Nizami Gəncəvinin hər zaman xalqları yaxınlaşdıran sözləri seçdiyini vurğulayaraq deyib: Dünya ehtiyaclarzülm üçün yaranmayıb, dünya xoşbəxtlik və azadlıq üçün yaranıb fikri də Nizamiyə məxsusdur.

 

Tədbirdə çıxış edən Məhəmməd Əmin Rəsulzadə Məclisinin sədri Füzuli Fərəcov Nizami Gəncəvi yaradıcılığının bütün azərbaycanlılar üçün mənəvi qida olduğunu bildirib: Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda Nizami Gəncəvi İli elan olunub. BizRusiyada fəaliyyət göstərən diaspor təşkilatı olaraq dahi Azərbaycan şairinin həyat və yaradıcılığına, onun dünya ədəbiyyatına verdiyi töhfələrə həsr olunan tədbirlərə başlamışıq.

 

Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, nizamişünas alim Abuzər Bağırov çıxışında Nizami Gəncəvinin qəzəllərindən, Xəmsəyə daxil olan əsərlərin parçalarından ibarət rus dilində yeni kitabın nəşr olunması təklifi ilə çıxış edib: Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Yaxşı olardı ki, Nizami ilində bu kitab rusiyalı oxuculara çatdırılsın.

 

Tədbirə Bakıdan AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Türkiyədən İstanbul Texniki Universitetinin kafedra müdiri Çingiz Hacıyev videoəlaqə vasitəsilə qatılıblar.

 

Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru Nizami Əliyevin məruzəsi dinlənilib. Çıxış edən digər natiqlər Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışaraq, onun əsərlərində qoyulan bəşəri problemlərin bu gün də aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.6.