Vətən müharibəsi şəhidinin əşyaları muzeyə təhvil verilib

Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Səməndər İsmayılzadənin şəxsi əşyaları təhvil verilib.

 

Şəhidin hərbi geyimləri, telefonu, şəkilləri, fəxri fərmanları və digər əşyaları muzeyin əməkdaşı Ayəndə Dadaşovanın vasitəsilə şəhidin bacısı Günay İsmayılzadə tərəfindən muzeyə təqdim olunub.

 

Səməndər İsmayılzadə 1990-cı ildə Yevlax şəhərində hərbçi ailəsində anadan olub. Nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla, Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif olunub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

 

2020-ci ildə Vətən müharibəsində rəşadət və igidlik göstərərək, oktyabrın 28-də Füzuli rayonunda gedən döyüşlərdə həlak olub.

 

Ölkə Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.5.