40 il əvvəlin rəng və duyğuları

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonundayıq. Bakı-Praqa dostluq palitrası 1980-2020 adlı beynəlxalq rəsm sərgisi artıq bir neçə gündür ki, ziyarətçilərin ixtiyarına verilib. İlk olaraq sərgi zalının bələdçisindən tamaşaçı marağını xəbər alırıq. Bələdçi xanım deyir ki, ziyarətçilər az olsa da, sərgini maraqla izləyirlər.

 

Daha sonra sərgini nəzərdən keçiririk. Ekspozisiya nəinki gözəl rəsm əsərləri təqdim edir, estetik zövq saçır, həm də Çexiya (1980-ci ildə Çexoslovakiya) ilə Azərbaycan rəssamları arasında illərlə davam edən dostluqdan soraq verir. 40 illik dostluq tarixi, dörd rəssam və 40 rəsm. Yəni hər rəssamın 10 rəsm əsəri təqdim olunur.

 

Çex rəssamlar Yozef Velçovski, Pavel Vavrisi və azərbaycanlı fırça ustaları Arif Hüseynov və Fikrət Həşimovun 40 il əvvəl baş tutan tanışlığı bu gün belə bir müştərək sərgiyə rəvac verib.

 

1980-ci ilin noyabrında Yozef VelçovskiPavel Vavrisi mədəni mübadilə çərçivəsində Azərbaycana səfər edib, İçərişəhər və Lahıcla tanış olublar. Arif Hüseynov və Fikrət Həşimov isə Praqada olub, Moraviya folkloru ilə maraqlanıblar. Bu yerdə qeyd edək ki, rəssamların ilk sərgisi 1982-ci ildə Çexiyanın Uqersk-Qradişte şəhərində gerçəkləşib. Daha sonra isə Bakı, MoskvaPraqada birgə sərgilər keçirilib.

 

İllər keçir, ölkələr müstəqillik yoluna qədəm qoyur, sənətkarların illər boyunca dostluqisti münasibətləri davam edir. Bugünkü sərgi də onun göstəricisidir...

 

Çex rəssamların əsərlərindəki rənglər diqqətimi çəkir. Parlaq və günəşli Azərbaycan bütün əsərlərin əsas mövzusudur. Sərgidə nümayiş olunan əsərlər gənc nəsil üçün yaradıcı inkişaf baxımından da nümunədir. Hər iki ölkənin sənətinə baxış, rəssamların və məktəblərin rolu burada özünü açıq büruzə verir. Müəlliflərin 40 illik sənət yolu bu əsərlərdə öz əksini tapıb. 40 əsərin hər biri xüsusi baxış və təhlil tələb edir.

 

Xalq rəssamı Arif Hüseynovun Çexiyada həftəsonu adlı əsəri düşündürücüdür. Burada insanların məişəti, istirahət mədəniyyəti, şəhərin ab-havası əks olunub. Eləcə də çex rəssam Yozef Velçovski tərəfindən kətana köçürülən sahil, dəniz mənzərələri. Hər bir əsərdə rəssamların ölkənin mədəniyyətinə, təbiətinə, adət-ənənələrinə baxışını görmək mümkündür. 40 il əvvəl ərsəyə gələn əsərlər bu gün də aktualdır, o səbəbdən ki, sənət hər zaman qüdrətlidir və mədəni körpülər yaratmağa qadirdir.

 

Ölkəmizdə pandemiya başlanandan bəri təşkil olunan ilk ənənəvi sərginin açılışında ekspozisiyanın təşkilinin təşəbbüskarı Arif Hüseynov sərginin gerçəkləşməsində sevindiklərini bildirib: Bu, pandemiya başlanandan bəri bizim ilk tədbirimiz idi. İşsiz oturmaq mümkün deyil. Qərara gəldik ki, pandemiyanın şərtlərinə riayət etməklə işləmək olar. Yaradıcı insanlar uzun müddət işsiz otura bilməzlər. Bu sərgidə çexiyalı və azərbaycanlı rəssamların əl işləri təqdim olunur. Maraqlı orasıdır ki, bu rəssamların sərgisi 40 il bundan əvvəl Bakıda keçirilib. A.Dümanın sözlərini bir qədər dəyişərək belə deyə bilərik: biz 40 ildən sonra qarşılaşdıq. Bu, insan həyatında böyük müddətdir. O vaxtdan çox şey dəyişib: indi nə SSRİ var, nə də Çexoslovakiya. Hazırda müstəqil Azərbaycan və Çex Respublikası mövcuddur. Lakin dostluq və yaradıcılıq dəyişməz olaraq qalıb.

 

Qeyd edək ki, sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert, Əməkdar rəssam, professor Fikrət Həşimov layihə ilə bağlı fikirlərini bölüşüblər.

 

Fevral ayının sonuna kimi davam edəcək sərgidən zövq almaq istəyənlər yollarını Rəssamlar İttifaqından sala bilərlər...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.1;3.