Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunub

Azərbaycan kitabları 2021-ci ilin ilk beynəlxalq yarmarkasında sərgilənib. 18-21 fevral tarixində keçirilən ənənəvi Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçmiş sovet məkanında bu sahə üzrə mötəbər tədbirlərdən sayılır.

 

Bu il 28-ci dəfə gerçəkləşən sərgi-yarmarkaya, mövcud pandemiya şəraitinin doğurduğu çətinliklərə baxmayaraq, 20 ölkə (ümumilikdə 281 nəşriyyat poliqrafiya müəssisəsi) qatılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Belarusdakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunub.

 

Sərgidə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin baş məsləhətçisi İslam Hüseynov və şairə, yazıçı Zəhra Bədəlbəyli iştirak edib.

 

Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti və Qarabağ haqqında kitablar nümayiş olunub.

 

Kitab sərgisi Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 30 illiyinə təsadüf etdiyi üçün sərginin əsas pavilyonu MDB İcraiyyə Komitəsi tərəfindən qurulub. Ümumi pavilyonda MDB-yə üzv ölkələrin Belarusda akkreditə olunmuş səfirliklərinin hər biri öz bölməsini yaradıb. Həmçinin Azərbaycanın Belarusdakı Səfirliyi tərəfindən mədəniyyətimizin müxtəlif sahələrinə aid nəşrlərin nümayişi təşkil edilib.

 

Sərginin açılışına Belarus rəsmiləri, Minskdəki diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov qatılıb.

 

Tədbir çərçivəsində MDB-nin pavilyonunun təqdimatı keçirilib. Təqdimat mərasimində təşkilata üzv ölkələrin səfirləri və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy iştirak ediblər.

 

Səfir Lətif Qəndilov təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab hələ də insanın ən yaxın dostu, bilik və mədəniyyət mənbəyidir və bunun gələcəkdə də belə olacağına ümid var. Diplomat Azərbaycanda təhsil, mədəniyyət və incəsənət sahələrinə böyük diqqət göstərildiyini, əhalimizin savadlılıq səviyyəsinin, demək olar ki, 100 faiz olduğunu bildirib. Azərbaycanın Minsk sərgi-yarmarkasında ənənəvi olaraq iştirak etdiyini söyləyən L.Qəndilov bu platformanın yaradıcı insanlar arasında fikir mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

 

Mədəniyyət Nazirliyinin nümayəndəsi İslam Hüseynov və şairə Zəhra Bədəlbəyli tədbir iştirakçılarını Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış ediblər. Sərgi çərçivəsində Azərbaycan pavilyonunun təqdimatı keçirilib, ölkəmizə aid videoçarxlar nümayiş etdirilib. Təqdimat zamanı Zəhra Bədəlbəyli müəllifi olduğu Təzahürlərin sonsuzluğu arxasında və Sənin əllərində adlı rus dilindəki kitablarından şeirlər oxuyub.

 

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış olub. Belarusun Baş naziri Roman Qolovçenko, Belarus Prezidenti Administrasiyası rəhbərinin müavini Vladimir Rıjınkov da Azərbaycan pavilyonunu ziyarət ediblər. Stendimizə yaxınlaşan ziyarətçilərə nəşrlərimiz haqqında ətraflı məlumat verilib.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.1;4.