Ankarada Tonyukuk parkının və abidəsinin açılışı keçirilib

Fevralın 22-də Ankarada Türk dünyası Tonyukuk parkının və Bilgə Tonyukuk abidəsinin (daş kitabə) açılış mərasimi keçirilib.

 

Park Beynəlxalq Türk Akademiyasının (Qazaxıstanda yerləşir) təşəbbüsü və Ankara Altındağ Bələdiyyəsinin dəstəyi ilə salınıb. Altındağda geniş bir ərazini əhatə edən parkda Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəstəyi ilə Bilgə Tonyukuk daş kitabəsi ucaldılıb.

 

Açılış mərasimində rəsmi şəxslər, Ankarada fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, elm və mədəniyyət xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

TBMM-in başqanı Mustafa Şentop, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Altındağ Bələdiyyəsinin başqanı Asim Balçı mərasimdə çıxış ediblər. Məlumat verilib ki, böyük bir tarixə işıq salan park Bilgə Tonyukuk abidəsinin 1300 iliyi münasibətilə salınıb. 2020-ci ildə 1300 illiyi qeyd olunan Bilgə Tonyukuk daş kitabəsi dünya yazı tarixində ən mühüm hadisələrdən biridir. Çıxışlardan sonra Tonyukuk parkının və abidənin açılışı olub.

 

Xatırladaq ki, Bilgə Tonyukuk abidəsinin 1300 illiyi Türkiyənin təşəbbüsü, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə 2020-ci ildə UNESCO-nun yubileylər proqramına salınmışdı. İndiki Monqolustan ərazisində yerləşən Bilgə Tonyukuk daş kitabəsi (720-725-ci illər) VIII əsrə aid Göytürk yazılı abidələrindən biridir.

 

Bilgə Kağanın vəziri olan ulu Tonyukuk elmi və təcrübəsi ilə ona yol göstərirmiş. Daş kitabələr (Orhun yazıları) Tonyukuk tərəfindən Bilgə KağanKül Tiginin ölümlərindən sonra abidələşdirilib. Orhun çayı sahillərində daşlara həkk olunmuş yazılar Orhun yazıları kimi tanınır.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.8.