Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib

 

Azərbaycan mədəniyyətinə və musiqi sənətinə ağır itki üz verib. Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə 2021-ci il fevralın 22-də, 81 yaşında vəfat edib.

 

Yalçın Rzazadə 1939-cu il dekabrın 15-də Lənkəranda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Aktyorluq, 1970-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal fakültələrini bitirib.

 

Əmək fəaliyyətinə 1957-ci ildə başlayıb və 50 ildən artıq müddətdə Azərbaycan Dövlət Filarmoniyasında, Azərkonsert birliyində, eləcə də Azərbaycan TeleviziyaRadio Verilişləri QSC-nin Dan ulduzu ansamblı və digər musiqi kollektivlərinin solisti kimi öz sənəti ilə xalqa xidmət edib.

 

Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub saxlayan Yalçın Rzazadə eyni zamanda ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. Özünəməxsus ifa tərzi, musiqi duyumu ilə seçilən müğənni Azərbaycan bəstəkarlarının bir çox estrada mahnılarının ilkmahir ifaçısı olub. Uzun illər ərzində onun yüksək məharətlə ifa etdiyi Bakı, sabahın xeyir mahnısı bir çox televiziya kanallarının səhər proqramlarının açılışında səslənərək tamaşaçıların zövqünü oxşayıb. Müğənni Dədə Qorqud, Gün keçdi, Qayınana, Baladadaşın ilk məhəbbəti kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.

 

Yalçın Rzazadə dünyanın müxtəlif ölkələrində Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Hindistan, Polşa, İordaniya, Misirdə Azərbaycan estrada sənətinin təbliğində diqqətəlayiq xidmətlər göstərib.

 

Milli musiqi sənəti sahəsində nailiyyətlərinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsü idi. Müğənni həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, Estrada sənəti kafedrasının professoru olub.

 

Yalçın Rzazadə ən yaxşı insani keyfiyyətlərə malik olan bir sənət xadimi kimi həmkarlarının dərin hörmət və nüfuzunu qazanmışdı. İstedadlı müğənni, gözəl insan Yalçın Rzazadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.6.