Bir canlı ÇIRAQ –

 

 

bənzərsiz pedaqoq, maarifçi-şair, ümummilli təlim-tərbiyə, ədəb-əxlaq ağsaqqalı Abdulla Şaiq...

 

Oxuduğu məktəbin müəllimləri nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə, “Abdulla kimi ol” deyərmişlər. “Bu sinifdə yaşboy-buxunca ən balacamızdan nümunə götürün” buyurarmışlar. Dövrün məşhur ziyalısı Yusif Ziyanın “Mən öz məktəbimdə bu fərasətdə uşaq görməmişəm!” sözləri isə sənədli faktdır.

 

Yüz ildən çoxdur evlərində ana dili açan Azərbaycan uşaqları məktəblərdə bu milli ATAnın şeirlərilə aləm dilinə də yiyələnirlər...

 

Artıq dünya standartları səviyyəsinə yüksəlmiş dərslik və dərs proqramlarımızın bünövrəsini qoymuş milli təlim-tədris fədailəri içərisində birincilərdən olub bu parlaq ziyalımız – fasiləsiz görəvləri, uzun-füzun çalışmalarıyla...

 

1910-cu ildən nəşr edilən kitablarının adları belə bu rəhmətliyin başdan-başa millilik-anadillilik aləmindən xəbər verir: “Uşaq gözlüyü”, “Tıq-tıq xanım”, “Ürək tikmək”, “Şələquyruq”,  “Məktub yetişmədi”, “Anabacı”, “Araz”, “Köç” və s.

 

Məşhur Krılov təmsillərindən, Rumi, Defo, Şekspir kimi nəhənglərdən etdiyi (az qala “özü yazıbmış” təəssüratı buraxan) tərcümələri də ki öz yerində...

 

Öncə, 78 illik ömrün ən çox, ən xoş, ən şirin, sevgili dəmlərini uşaq ədəbiyyatı yaradıcılığına sərf etmiş, “Ala, bula boz keçi”, “Dovşan, dovşan, a dovşan”, “Ay pipiyi qan xoruz” və s. kimi doğal-qoğal xitabları, “Bir kəndli muzdur ilə axşam üstü biçindən, Qayıdırdı evinə qalın meşə içindən” sayaq çeşmə sədalı tərcümələrilə nəsil-nəsil çocuqları böyük “ədəb-irfan dili”nə, milli ədəbiyyat-sənət nitqinə də qoşmuş bu azman ağsaqqalın –

 

 

 

Uşaqlıq və gənclik çağlarından... 

 

 

 

24 fevral 1881-də Tiflisdə anadan olmuş bu bapbalaca oğlanın şəxsində, sən demə, Azərbaycan ədəbi-ictimai fikir tarixinə böyük bir maarif-mədəniyyət xadimi, gözəl bir şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi də doğulubmuş.  

 

Atası – dövrünün seçkin ziyalısı, 1881-ci ilədək Tiflis qazisinin, sonra Qafqaz şeyxülislamının müavini olmuş, övladlarının təhsil aldıqları Tiflis altısinifli ruhani məktəbində dərs demiş Axund Mustafa hərdən həyat yoldaşına deyərmiş, “bir azdan xalqın oğlu olası bu Abdulladan göz ol...”.

 

Xorasan ziyarətinə gedən anaya qoşulan qardaşlar – Yusiflə Abdulla təhsillərini orada (dövrün qabaqcıl ziyalısı, urmiyalı Yusif Ziyanın müdir olduğu məktəbdə) davam etdirirlər. Böyük qardaş (yazımın sonunda çox yığcam tanıtım edəcəyim) Yusif anası ilə geri qayıdır, Abdulla isə burada qalıb oxumaq istədiyini bildirir. Yeddi il ərzində məntiq, poetika, tarixpsixologiyaya, habelə Şərq, Azərbaycan və rus ədəbiyyatına, ərəb şeirinin tarixinə dair mükəmməl dərs alır. Daha sonra anası gəlib onu da Tiflisə aparır və bir müddət keçmiş qardaşlar Bakıya köçür.

 

Hələ Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşən Abdulla onun məsləhətilə I Aleksandr adına Oğlanlar gimnaziyasının imtahan komissiyası qarşısında üç növ üzrə (yazılı, şifahi, nümunə) verdiyi imtahanlardan “5” alır və 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən “Azərbaycan dili müəllimi” adına yiyələnir.

 

Lakin bu gəncin daxilindəki “milli cövhər”dən duyuqlar onun karyera başlanğıcı qarşısına sədd çəkməyə çalışırlar. İlk həmlə “rus-tatar məktəblərində boş yer olmadığı üçün” vəzi ilə onun diqqətinə “ehtiyat müəllim” elanından ibarət...

 

Nəhayət, S.Qənizadənin müdir olduğu altısinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayan Abdulla Talıbzadə indi də Azərbaycan maarifi sahəsində qarşı-qarşıya duran iki qüvvə (mollaxana-sxolastiklərlə yeni təlim-tərbiyəçilər) arasında gedən mübarizə burulğanına düşür. Və təbii ki o (hələ uşaqlıq can-qanındakı ağsaqqallığa rəğmən), “köhnələrin xətrinə dəymədən” yenilər tərəfində çıxışlar edirbir müddət sonra bu inkişaf hərəkatının öncülünə çevrilir. 

 

Bu məqamda böyük millət adamının “Xatirələrim”indən bir parça: “Bir gün (şəriət dərsində dünyəvi məram-mətləblərdən söhbət edirkən) müdir qəflətən içəri girdiüzünü sinfə çevirərək bugünkü dərsin mövzusunu soruşdu. Şagirdlərdən Həbib Talışinski ayağa qalxıb: “- Bu gün müəllim bizə “miras məsələsini keçir” - deyərək, məni çətinlikdən qurtardı”.

 

Bundan əvvəllərin “təhsil mənzərəsi”ndən də bir etüd (Rusiya daxili nəzarət-polis şöbəsinin 1900-cü il dekabrın 31-də Gəncə valisinə göndərdiyi müraciətnamədən): “Polis departamentində olan məlumata görə, son zamanlarda tatar (Azərbaycan – red.) ədəbiyyatı təlim-tədrisində yeni bir cərəyan müşahidə olunur. Bu, Rusiya türkləri və müsəlmanları həyatında böyük təbəddülat doğuracağından, çox təhlükəlidir”.

 

sonralar (dərs saatı az olduğuna görə) Sabunçu məktəbində də işləməyə başlaması, 1903-dən gimnaziyada, Seyid Hüseyn və Cəfər Cabbarlının şagirdi olduğu Bakı realnı və yeddinci şəhər məktəblərində çalışması...

 

Paytaxtımıza iyirmi yaşındaykən gəlmiş Abdullanın burada bir rus ziyalısının zəngin kitabxanasını alması faktı ətrafa onun ilk “yaradıcılıq” nümunəsi kimi səs-səda salıbmış. Mülki evindəki irfanilik onu siyasi bayırdakı yumruq, süngü, “doklad” və digər macəravi maraqlardan ibarət inqilabi olayları daha bəsirətlə izləməyə səsləyir və o, milli ötənək-gələnəklərə dair sevgi dolu dirçəliş yoluna düşərək, maarifçi-pedaqoq, romantik şair kimi formalaşma kursu keçir. Çalışdığı və sayəsində bütün dərslərin Azərbaycan-türk dilində aparıldığı (1923-cü ildə ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinin təntənəylə qeyd ediləcəyi) gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılır, Azərbaycan Gənc Tamaşaçılar Teatrının, “Uşaq və gənclər nəşriyyatı”nın işləri birbaşa onun adı ilə bağlanır. Biri-birindən maraqlı (“Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız”...) pyesləri sonrakı müəlliflərçün örnəyə çevrilir. Milli folklorumuzu toplayıb-öyrənən, xalqları əmin-amanlıq dostluğuna çağıran, neçə-neçə millətlərin ziyalıları ilə dostluq edən, dünya ədəbiyyatı nəhənglərinin inci nümunələrini Azərbaycan türkcəsinə çevirən ilklərdən olur. Dilimizin fonetika, morfologiya, sintaksisüslubiyyat məsələlərinə dair tutarlı elmi məqalələr yazır...

 

Keçək – bu təpədən-dırnağa xalq əxlaqlı, millət zövq-şövqlü Allah Bəndəsinin –

 

 

 

ŞAİQlik yüksəlişinə

 

 

 

Öncə bir realist xəyalat: Dövr – “tələbə” imiş, Şaiq – Müəllim...

 

Bu zirvəyə qalxımını hələ on altı-on yeddi yaşlarından əl qoyduğu bədii tərcümə və füzulianə qəzəllərilə “elan” edən bu “uşaq” tezliklə (və əlbəttə, zaman-zaman) öz silsilə şeirlərilə milli uşaq poeziyamızın incilərini yaradacaq, “Gözəl bahar” pyesilə milli uşaq teatrımızın özülünü qoyacaq, “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda” və s. hekayə, povest və romanları ilə gözəl nəsr örnəklər yaradacaq, bir qayğıkeş ata, aqil baba, milli oyanışa məsul alim, müəllim, mürşid-müdrik kimi deyəcək: 

 

“Ağıllı oğlum, oyan!

Qiymətlidir hər zaman.

Tez ol, dur, get məktəbə,

Sarıl elmə, ədəbə”.

 

“Soyuq qış axşamında,

İsti ocaq başında

Nağıl deyər nənələr,

Qulaq asar nəvələr”.

 

“Bir qırmızı güldür tonqal,

Bir dəstə sünbüldür tonqal,

Bir xonçadır al günəşdən,

Həyat gəlir bu atəşdən”.

 

“Həpimiz bir yuva pərvərdəsiyiz!

Həpimiz bir günəş zərrəsiyiz!”.

 

Müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, N.Yusifbəyli kimi ziyalılarla həmfikir olmuş bu sənət adamı Xalq Cümhuriyyətini bütün çağdaş həmkarlarından daha atəşin, daha qəlbən qarşılayıb, bütün qələmiylə alqışlayıb:

 

“Sən bu xalqın sevincisən,

Ən dəyərli bir incisən.

Sevin, sevin, ana Vətən,

Artıq oldun Azad-Vətən!”.

 

“Ölüm - deyə, “Vətən!” - deyə qoşarız,

Bu torpaqlar qanımızla boyansa,

Nəfərimiz qalınca öc alarız

 

Bu “Mahiyyəti-Müəllim”, bu əsl Azadlıq carçısı həmin dövrdə daha böyük eşqlə çalışıb, “Azərbaycan” qəzetində məktəblərin milliləşdirilməsi məsələsilə bağlı ardıcıl çıxışlar edib. Həmin dövrdə hazırladığı “Milli qiraət”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi”, “Türk ədəbiyyatı” dərsliklərindən Azərbaycan gəncliyinin böyük bir nəsli faydalanıb. “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” kimi silsilə əsərlərilə poeziyamıza yeni ab-hava gətirib. Dövrün “hadisəçilər”i sayılan “mollanəsrəddinçilər”i qəlbən qəbul edən Abdulla müəllim hər sözündə-söhbətində, publisistik məqalələrində füyuzatçılığı o çağ üçün daha münasib sayıb. 1919-cu ildə yaradılmış Azərbaycan Dövlət Universitetinin (BDU) necə böyük ümummilli hadisə mənəvi sərvət olmasını kütlə beyninə layiqincə çatdırmaqçün “Tələbə həyatı” adlı maraqlı bir səhnə əsəri yazıb. Azərbaycan müəllimlərinin I II qurultaylarının ən fəal təşkilatçı, ən milli mətnli (ana dili ədəbiyyatımızın tədrisi, yeni dərsliklər yaradılması s.) məruzəçilərindən olub. Qurultayın seçdiyi “xüsusi komissiya”da dövrün H.Zərdabi,  F.Köçərli, S.S.Axundov kimi məşhur isimləri sırasında olan Abdulla Şaiq növbəti iclasda komissiya adından çıxış edərək proqramın tərtibi prinsiplərindən, milli əhəmiyyətindən, xüsusən ... “bir vaxtlar siniflərdə eşidilməyən ana dilimizin daha ucadan səslənməsi” mətləbindən danışıb.

 

... ovaxtdan etibarən yeni tərtibli dərsliklərdə M.Ə.Sabir, A.Səhhət, A.Şaiq imzalı uşaq ədəbiyyatı nümunələri görünməyə başlayıb... 

 

...Daha paytaxtımızın ütülü-kraxmallı foye dəhlizlərində azərbaycanlı müəllimlərin milli hissiyatına toxunan “doğma” yaddilli atmacalar, lağlağılar yavaş-yavaş yığışdırılmağa başlayıb; ogünlərədək siniflərdə azərbaycanca danışma yasağına görə “musurman” uşaqlarını başa salmaqda çətinlik çəkən (erməni “kolleqa”larından “Ara, siz “sabaka laet” ifadəsini başa salmaqçün sinifdə əntiqə “ham-ham” edirsiz, aa” kimi replikalar eşidən) müəllimlər cürbəcür milli-mənəvi aşağılamalardan qurtulublar...

 

 

 

Belə-belə məsələ-mətləblər...

 

 

 

bütün ömrü boyu yorulmz-dayanmaz maarifçiliyi, gözəl poeziyası, aydın-ağsaqqal ziyası ilə xalqını qalxıma səsləmiş bu universal sənətkar ovaxtkı “partiya hökumətimiz” tərəfindən ikicə kərə yad edilib; iyirmi il can qoyduğu gimnaziyanın xalqın “Şaiq nümunə məktəbi” adlandırılması istəyini rəsmiləşdirməsi ədəbiyyat-maarif sahələrində 55 illik xidmətlərini nəzərə alaraq, “Əməkdar incəsənət xadimi” adıyla təltif etməsi ilə...

 

Xalqımız isə bu cəfakeş pedaqoqu, Vətən balalarının bənzərsiz Müəllim-şairini, millət, ədəbiyyat, sənət, mədəniyyət ağsaqqalımızı öz sevgi xatirat təltifatlarıyla kifayət qədər dəyərləndirib.

 

Bu an yuxarıdakı bir cümləmə oysundum: “Abdulla Şaiq Cümhuriyyəti bütün çağdaş həmkarlarından daha atəşin, daha qəlbən qarşılayıb, bütün qələmiylə alqışlayıb”.  

 

Maraqlıdır, bu mahiyyətən şair-pedaqoqu bu yön çabaya, sevgi-məhəbbətə sövq edən imiş? ...Əlbəttə, canındakı cövhər – millilik “sənət”i! Axı, parlaq keçənəklərlə süslü, həmin yüzillik sonrakı dönəmlərdəsə, az qala, başdan-başa öygüsüz öyrənciyə, tələbsiz tələbəyə çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək idi!...

 

Bu məqamda bir haşiyə:

 

Belə ki, maraqlıdır, bunca milli-ictimai, xəlqi-maarifi fəaliyyət göstərmiş, dövrün zınqırovlu internasionalizm çağırışlarına deyil, mənsub olduğu millətin susqunca (məxficə) oyanışına işləyən ədəbi-bədii nümunələr yaratmış, dünənki milli hakimiyyətə ürəkdən xidmət (və aşiqlik!) etmiş bu fədakarı nədən sonrakı “partiya və hökumət” öz mübarək “vraqnarod” dəftərinə salıb məhv etməmiş? Hələ bu şair qardaşın siyasətçi qardaşı (bir vaxtlar Ənvər paşanın ordusunda olmuş, bolşevizmə qarşı vuruşan Türküstan basmaçılarına “əlverişli mövqeseçmə qabiliyyətilə” çox uğurlar qazandırmış, 1923-ün 18 mayında başçılıq etdiyi dəstəylə at belində Amu-Dəryadan Əfqanıstana keçərkən kürəyindən vurulmuş və çayın sahilində silahdaşlarına: “Ayy… Mən... Azərbayy… can!” deyərək, saat 3 radələrində vəfat etmiş) Axund Yusif Talıbzadə “məsələsi”!...

 

Şaiqşünaslığa dair tədqiqat və oçerklərdə bunun ciddi bir “çünki”silə rastlaşmadığımdan, belə bir “ona görə” ehtimalındayam ki, görünür, öz qələm, düşüncə və təşəbbüslərilə bərabər, bu bəşərpərvər mələyin hər müsahibə nur çiləyən aydın-ari çöhrəsi dövrün ən mürtəd, ən simasız kəslərini belə ovsunlayıb, çaş-baş salırmış.

 

Bu məqamda müasir şairlərimizdən birinin iki misrasını sözümə qüvvət gətirim: “Tütək neyləyibsə, canavarı da – Sürüdən uzaqda yuxu tutubdur”...

 

Tahir ABBASLI

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.6.