Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar rəssam, uzun illər Şəki Dövlət Dram Teatrının baş rəssamı işləmiş Qüdrət Məmmədov 2021-ci il fevralın 20-də, 85 yaşında vəfat edib.

 

Qüdrət Hacıbəy oğlu Məmmədov 12 dekabr 1936-cı ildə Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1952–1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1957–1964-cü illərdə Xarkov Dövlət Rəssamlıq İnstitutunda (Ukrayna) təhsil alıb.

 

1964-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda müəllim kimi əmək fəaliyyətinə başlayan Qüdrət Məmmədov 1965-ci ildən Gəncə şəhərinin baş rəssamı olub. 1970-ci ildə Gəncə Pedaqoji Texnikumunun Rəssamlıq şöbəsində müəllim, 1975-ci ildən 2012-ci ilə kimi Şəki Dövlət Dram Teatrında baş rəssam vəzifələrində çalışıb. 1973-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

 

Rəssam 1962-ci ildə Xarkov Dövlət Teatr İnstitutunun nəzdində fəaliyyət göstərən “Müasir teatr”da nümayiş olunan tamaşaya bədii tərtibat verib. 1963-cü ildə Moskvada nəşr olunan “İncəsənət” jurnalında S.Vurğunun “Vaqif” dramına işlədiyi eskizi dərc edilib. 1969-cu ildə SSRİ teatr rəssamlarının yaradıcılığından bəhs edən topluda ölkəmizdən Tahir Salahovun “AntoniKleopatra” (V.Şekspir), Qüdrət Məmmədovun “Məhsəti” (K.Ağayeva) pyeslərinin tamaşalarına hazırladıqları eskizlər çap olunub.

 

Rəssamın “Köhnə Şəki”, “Taclar”, “Üç təpə”, “Həyat”, “Qədim küçə” kimi silsilə qrafika, “Gəncə gecələri”, “Çay kənarı”, “Körpü”, “Palçıq evlər”, “Qaranlığa qərq olmuş ağaclar” kimi rəngkarlıq işləri, H.Cavidin “Ana”, “Afət”, “Maral”, “Xəyyam” pyeslərinə işlədiyi eskizləri respublika sərgilərində nümayiş etdirilib.

 

Qüdrət Məmmədov M.F.Axundzadənin “Hacı Qara”, S.Rəhmanın “Nişanlı qız”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, H.Cavidin “Knyaz”, “İblis”, C.Cabbarlının “Almaz”, V.Səmədoğlunun “Bəxt üzüyü”, V.Şekspirin “Kral Lir”, “RomeoCülyetta”, M.Qorkinin “Həyatın dibində” – ümumilikdə Azərbaycan və dünya dramaturqlarının 180-dən çox əsərinin tamaşasında tərtibatçı rəssam olub.

 

SSRİ-də keçirilən Bolqar dramaturgiyası festivalında (1977), Macar dramaturgiyası festivalında (1979), Alman dramaturgiyası festivalında (1981) bədii tərtibat verdiyi tamaşalara (R.Stoyanov – “Ustalar”, Ş.Petefi – “Pələng və kaftar”, B.Brext – “Arturo U.İ.-nin karyerası”) görə birinci dərəcəli diplomlarmedallarla təltif olunub.

 

2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2007-ci ildə Prezident mükafatına layiq görülüb.

 

Qüdrət Məmmədovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.6.