26 fevraldan 29 il sonra...

 

Bəşəri kədərin abidəsi önünə artıq milli ruhumuzu dirçəldən Zəfərin təsəllisi ilə gedirik

 

Xocalı soyqırımından 29 il ötür. Xocalı soyqırımı erməni şovinist dairələrinin öz havadarlarının dəstəyi ilə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətllər, terroretnik təmizləmə siyasətinin tərkib hissəsi və ən qanlı səhifəsi idi.

 

XX əsrin son onilliyində, dünyanın gözü qarşısında baş verən bu faciə eyni zamanda bəşəriyyətin vicdanına yazılan, ləyaqət lövhəsinə vurulan qara ləkədir. Erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi soyqırımı dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biridir. Xocalı faciəsi Çexiyanın Lidise, Belarusun Xatın, Fransanın Oradur kəndlərində, Bosniyanın Srebrenitsa şəhərində dinc sakinlərə qarşı həyata keçirilən qətliamlarla bir sırada dayanır.

 

Xocalı soyqırımının, hər şeydən öncə, dəhşətli statistikası var. Bir gecənin içində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Kütləvi qırğında 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub, 487 nəfər ağır yaralanıb. 1000-dən çox Xocalı sakini erməni əsirliyinin dəhşətini yaşayıb.

 

Amma Xocalı dəhşəti təkcə bu statistika ilə ölçülmür. Bu faciənin konkret talelərdə yaşantıları, qırılmış insan ömürlərindən qalan izləri, yaddaşlarda bitməyən acısı heç bir ölçüyə sığmaz, hesaba gəlməz. Xocalıda yaşanan müsibətin birmilli dərd, ələm kimi sonsuz ağrısı var.

 

28 il idi Xocalını milli ruhumuzu yaralayan, qəlbimizi didən, belimizi bükən bəşəri bir kədər kimi qeyd edirdik. Xocalının kədəri də, acısı da heç zaman unudulmayacaq. Amma artıq millət və cəmiyyət olaraq qəddimiz dikdir. Bu dik duruşu bizə 2020-ci ilin Vətən müharibəsinin Zəfəri bəxş etdi.

 

İndi o Zəfər boyda bir təsəllimiz var. Bundan sonra Xocalı qurbanlarının xatirəsinə ucaldılmış bu memorialı daşlaşmış bəşəri kədərin abidəsini də milli ruhumuzu ovudan bu təsəlli ilə, qəddimiz dik olaraq ziyarət edəcəyik. Ana harayında artıq Xocalı şəhidlərinin düşməndən alınan qisasının səsi də var...

 

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.1.