Milli İncəsənət Muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş Unudulmaz faciə adlı sərgi keçirildi.

 

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev tədbiri açaraq qonaqları salamladı.

 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırdı.

 

Bildirdi ki, həmin gecə qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, şəhər yerlə yeksan edildi: Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli soyqırımıdır. Xocalı soyqırımı bir daha göstərdi ki, ermənilərin düşüncəsi faşist ideologiyası üzərində qurulub. Onların bizə qarşı etnik nifrətləri varbunu heç zaman gizlətmirlər. Hətta onların prezidentləri belə bu nifrəti gizlətməyib, fəxrlə elan edib.

 

Qeyd olundu ki, Vətən müharibəsində də cinayətkar Ermənistan hakimiyyəti öz məkrli siyasətini davam etdirdi. Beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edərək Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı müharibə cinayətləri törətdi. Nəticədə yüzə yaxın dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı.

 

Nazir qeyd etdi ki, bu gün Xocalı qurbanlarının ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, mənfur düşmən üzərində şanlı Qələbə qazandı: Xalqımız bu günədək Xocalı faciəsini məyusluqla yad edirdi. Lakin qəhrəman Ordumuz torpaqlarımızı geri aldı və bununla soyqırımı qurbanlarının da qisası alınmış oldu.

 

Son illərdə dünyanın bir neçə ölkəsinin Xocalı soyqırımını rəsmən tanıdığını deyən Anar Kərimov bildirdi ki, bu soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması, obyektiv qiymət verilməsi istiqamətində işlər davam etdirilməlidir.

 

Nazir çıxışının sonunda Vətən müharibəsi şəhidlərinə və Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət dilədi.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğuladı: Bu istiqamətdə bizim də üzərimizə böyük düşür. Belə sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Bundan başqa, bu faciəni dünyaya tanıtmaq üçün Pianoçu filmi səviyyəsində bir kino nümunəsini mütləq ərsəyə gətirməliyik.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Xocalı soyqırımının qisasını düşməndən döyüş meydanında aldığını söylədilər.

 

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının magistri, Prezident təqaüdçüsü Orxan Hüseynovun (violonçel) ifasında Fikrət Əmirovun Poema-monoloqundan fraqment səsləndirildi.

 

Sonda Xocalı soyqırımına həsr olunan rəsm və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış oldu.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.2.