Ukrayna dilində Soyqırımının xronikası

Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə 1992-2020: Xocalıdan Tərtər və Gəncəyə mövzusunda keçirilən dəyirmi masada Ukrayna dilinə tərcümə olunmuş Xocalı: soyqırımının xronikası kitabının təqdimatı keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova diqqətə çatdırıb ki, kitab Xocalı soyqırımından bir il sonra 1993-cü ildə çap olunub. Faciə ilə bağlı xariciyerli KİV-də dərc olunan məqalələr, şahidlərin ifadələri, soyqırımının törədilməsində iştirak edən 366-cı motoatıcı alayın bəzi hərbi qulluqçularının etirafları, Xocalı soyqırımına dair qaldırılan cinayət işinin materialları və digər faktlar kitabda əksini tapıb.

 

Kitabın Ukrayna dilində nəşrinə tanınmış şairə, mərhum Nurəngiz Günün məşhur Xocalı simfoniyası poeması da əlavə olunub. Poemanın Ukrayna dilində yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tədbir iştirakçılarını qəhərləndirib.

 

Kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun soyqırımına dair rəsm əsərləri yer alıb.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.1.