Azərbaycan xalqı Xocalının ildönümünü bu il qalib kimi qeyd edir

Xocalı soyqırımının ildönümü ərəfəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Tarixin dərsləri və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Tədbir Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən ALEF Yəhudi Gənclər Hərəkatı ilə birgə təşkil edilib. Konfransa onlayn rejimdə Rusiya, Azərbaycan, İsrailAlmaniyadan ictimai xadimlər, alimlər də qoşulub.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu konfransı açaraq bildirib ki, bu gün Xocalı soyqırımını 29 il sonra ilk dəfə qalib xalq kimi qeyd edirik. Azərbaycan çoxdan gözlənilən Qələbəni öz güclümüdrik Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordusunun, igid övladlarının sayəsində qazandı.

 

Səfir vurğulayıb ki, Xocalı soyqırımı Birinci Qarabağ müharibəsinin gedişində ən genişmiqyaslı, ən qanlı, lakin təəssüf ki, yeganə olmayan faciəli səhifədir. O, gənclərə müraciətlə deyib: Bir məqama xüsusi diqqətinizi cəlb etmək istəyirəm ki, Azərbaycan tarixinin saxtalaşdırılması indi də, bizim gözümüzün qabağında davam edir. Təəssüf ki, son vaxtlar Rusiya mətbuatında yalan iddialar səslənir: guya Birinci Qarabağ müharibəsi Sumqayıt hadisələrindən başlayıb. Xatırlatmaq istəyirəm ki, ilk dəfə qan tökülməsi bundan əvvəl baş verib. 1988-ci il fevralın 22-də Əsgəran rayonunda iki azərbaycanlı gənc qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş əks-səda doğurdu. İndiki Ermənistanda yaşayan çoxsaylı azərbaycanlı əhali oradan sıxışdırılmağa başladı: Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən qovulur, küçələrdə və ictimai yerlərdə onları daim hədələyirdilər. Anti-Azərbaycan mitinqlərində Ermənistanı türklərdən təmizləmək şüarı səslənirdi.

 

Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından zorla qovulması, onlara qarşı törədilən təqib və qırğınlarla bağlı faktları diqqətə çatdıran səfir vurğulayıb ki, bu, geniş planın yalnız başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağda, sonra isə əhalisi azərbaycanlılardan ibarət olan yeddi ətraf rayonda etnik təmizləmə aparıldı.

 

P.Bülbüloğlu Xocalı soyqırımından bir neçə gün öncə, erməni silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində sakinlərə divan tutulmasını xatırladıb: Həmin sakinlərin saxlandığı əsir düşərgəsindən çəkilmiş kadrlar bu yaxınlarda internetdə nümayiş etdirilirdi.

 

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova 2008-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan Xocalıya ədalət! kampaniyası haqqında məlumat verib.

 

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Xocalı faciəsinin şahidlərindən Valeh Hüseynov, tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, ALEF Yəhudi Gənclər Hərəkatının rəhbəri Abram İxiilov və başqaları tədbirdə çıxış ediblər.

 

Konfransda Xocalı soyqırımı: XX əsrin faciəsi, Holokost: unutmayaq və təkrarlanmasına yol verməyək mövzularında məruzələr oxunub.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.3.