45 ildir Dərviş Parisi partladır

Texniki nailiyyətin təntənəsi olan kinonun yaşaması tamaşaçı sevgisinə bağlıdır. Filmlərin ömrü izlənildiyi qədərdir. Azərbaycan kinosunda sevilən, kultlaşan bir sıra filmlər var ki, illər keçsə də, ekran taleyini uğurla yaşamaqdadır. Milli dramaturgiyamızın banisi, yazıçı, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur klassik komediyasının motivləri əsasında ekranlaşdırılan Dərviş Parisi partladır filmi (quruluşçu rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov) 45 ildir sevilməkdə, baxılmaqda davam edir.

 

Köhnəliklə yeniliyin qarşı-qarşıya qoyulduğu filmdə bir çox mühüm məsələlər qabardılıb, dövrünün mütərəqqi fikirli insanlarını narahat edən mövhumatçılıq, köhnəlmiş adət-ənənələr tənqid hədəfinə çevrilib. Ekranlara çıxdığı vaxtdan yaradıcı heyəti şöhrətləndirən filmin ərsəyə gəlməsində zəhməti olan Əməkdar incəsənət xadimi Ziyafət Abbasovun və Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun xatirələri bir çox maraqlı məqamlara aydınlıq gətirir.

 

Filmdə təcrübəçi rejissor kimi işləmiş Ziyafət Abbasov qaynar rejimi ilə bağlı günlərə böyük məmnuniyyətlə bələdçilik edir: Filmi əvvəlcə kinorejissor Kamil Rüstəmbəyov tək çəkirdi. O vaxtı belə bir qayda vardı ki, filmin müəyyən bir hissəsi (300-400 metr) çəkiləndən sonra Bədii Şuraya göstərilir, razılaşdırıldıqda filmin davamı çəkilirdi. Kamil Rüstəmbəyov da qaydaya uyğun olaraq çəkdiyi kadrları Bədii Şuraya təqdim etdi. Əsasən pavilyon çəkilişlərinə aid olan lentlərə baxdıqdan sonra Bədii Şura üzvləri kadrların daha çox teatrallığa uyğun olduğunu bildirərək belə qərara gəldilər ki, filmi ya ondan alsınlar, ya da filmə ikinci rejissor cəlb edilsin. BizKamil müəllimlə məsləhətləşib yaxın dostumuz olan kinorejissor Şamil Mahmudbəyovu filmdə işləməyə dəvət etdik. Fikrimizi ona bildirəndə heç bir etiraz etmədi və böyük həvəslə filmdə işləməyə başladı. Beləliklə, filmin digər çəkilişlərini rejissorlar birgə reallaşdırdı. Onların hər ikisi də peşəkar və tələbkar olduqlarından aktyorlarla yaradıcılıq işləri uğurlu alınırdı. Mən bir dəfə də olsun istər Kamil müəllimin, istərsə də Şamil müəllimin aktyorlara səsini yüksəltdiyini, sərt danışdığını eşitmədim.

 

Filmin çox mehriban yaradıcı qrupu var idi. Yaddaqalan maraqlı hadisələrdən biri o oldu ki, Şahbaz bəy rolunu oynayan Ənvər Həsənovla, Şərəfnisə obrazını oynayan Möminat Qurbanovanın tale yolları birləşdi. Kamil müəllim həmişə deyirdi ki, bütün işlərdən ən əsası o oldu ki, iki gəncin həyatının birləşməsinə rəvac verdik. Filmin müvəffəqiyyətli alınmasında rejissorların aktyorların xidməti böyükdür. Görkəmli sənətkarlarımız Adil İsgəndərov, Leyla Bədirbəyli, Həsənağa Turabov digərləri çox həvəslə çəkilirdilər. Kamil müəllim hələ filmin çəkilişlərinə başlamazdan əvvəl müsyö Jordan roluna çəkmək üçün məşhur sovet aktyoru, Rusiyanın Xalq artisti Sergey Yurskini nəzərdə tutmuşdu, xoşbəxtlikdən o da çəkildi.

 

Filmdə ikinci rejissor kimi çalışan Akif Rüstəmov Yurskinin rejiminin sıxlığına görə Bakıya gələcəyinə ümidlərinin az olduğunu, buna görə ondan əlavə məşhur sovet aktyorlarından Spartak Mişulini, Arçil Qomiaşvilini, Valentin Qaftı Georgi Vitsini filmə dəvət etdiklərini deyir: İşimizi etibarlı tutmaq üçün yuxarıda adları çəkilən digər aktyorlara müraciət etdik. Onların hər biri mövzu ilə tanış olduqlarına görə filmə çəkilməyə razı idilər. Kamil müəllim isə daha çox Yurskinin çəkilməsini istəyirdi. Biz Yurskinin fikrini bilmək üçün zəng etdiyimizdə ssenarini ona (Leninqrada) çatdırmağımızı bildirdi. Həmin vaxt (assistentimlə birgə) Moskvada filmlə bağlı digər işlərlə məşğul olduğumuzdan, həm vaxt itkisinə yol verməmək üçün dəmiryolu vağzalına getdik. Moskva-Leninqrad qatarı ilə gedən sərnişin axtarmağa başladıq. Vağzalda rastlaşdığımız (Leninqrada gedən) tələbə qıza Yurskinin ünvanını, yolpulu filmin ssenarisini verib, ona çatdırmasını xahiş etdik. Qız belə bir məşhur aktyoru yaxından görəcəyinə sevinərək təklifimizi məmnuniyyətlə qəbul etdi, tezliklə ssenarini Yurskiyə çatdırdı. Həmin vaxtlarda Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrında (hazırda G.Tovstonoqov adına teatr red.) çalışan aktyor, tamaşalarının çoxluğuna, filmlərə aldığı təkliflərə baxmayaraq, əsərə olan marağına Bakıya olan sevgisinə görə təklifimizi qəbul etdi. Bəxtimiz həm onda gətirdi ki, Yurski fransız dilini təmiz bilirdi. Bu onun çəkiliş vaxtı rolun öhdəsindən uğurla gəlməsinə imkan yaratdı. O, Bakıda apardığımız çəkilişlərə təyyarə ilə səhər uçub gəlir, rola çəkilir, axşam reysi ilə qayıdırdı. Şamaxıda olan çəkilişlərə isə artıq məzuniyyət götürmüşdü.

 

Görkəmli sənətkarlarımız Mirzə Babayevlə Fazil Salayevi dərviş Məstəli şah Qulaməli roluna Şamil Mahmudbəyov təklif etmişdi. Hər iki aktyorun filmin uğur qazanmasında rolu danılmazdır. Yaradıcı heyət Şamaxıda rəsədxananın yaxınlığında yerləşən mehmanxanada qalırdı. Yaradılan şəraitdən hamı razı idi. Biz hər çəkilişdən sonra bir yerə toplaşır, Yurskinin gətirdiyi maraqlı interaktiv oyunlar oynayır, vaxtımızı şən keçirirdik.

 

Müsyö Jordan rolunun uğurunu Sergey Yurskinin dərin zəkası, peşə təcrübəsi ilə əlaqələndirən Ziyafət Abbasov onun yaradıcılığına heyranlığını gizlətmir: Aktyorun peşəkarlığına təəccüblənməyə bilmirdik. İşinin çox olmasına baxmayaraq, rolunu səsləndirməkdən imtina etmədi. Bir günlüyə Bakıya gələrək Həsənağa Turabovun mənim köməkliyimlə rolunu səsləndirdi. O qədər istedadlı idi ki, deyilənləri tez qavrayırdı. Hətta filmdə fransızca səslənən mahnını da özü ifa etdi.

 

Maraqlı epizoda Akif Rüstəmovun sözlərini əlavə edirik: Yurski 2-3 günə yazılası olan səsləndirməni 7 saata yazdı. Axşam Moskva reysi ilə uçacağını bilsək , filmin bəstəkarı Tofiq Quliyev rol üçün yazdığı mahnını həmin gün ona oxutdurdu. Biz kinostudiyanın dublyaj studiyasından çıxıb həmin illərdə Fioletov küçəsində yerləşən səsyazma studiyasına yollandıq. Tofiq Quliyev bizi orda gözləyirdi. O, əvvəlcə pianinoda 2-3 dəfə mahnını çalaraq Yurski ilə məşq etdi. Daha sonra Yurski mətni əlinə alıb mənə 10 dəqiqə vaxt verin deyərək mahnını zümzümə etməyə başladı, bir qədər sonra yazılışa hazır olduğunu dedi. Beləliklə, filmin fransız dilində olan mahnısı həmin gün (fransız rus dillərində) uğurla yazılıb başa çatdı. Ümumiyyətlə, kollektiv o qədər pozitiv idi ki, işlər rahatlıqla həll olunurdu.

 

Akif müəllim Gülçöhrə rolunun iştirakçısı Səbinə Bağırovanı Bakıdakı orta məktəblərin birindən dəvət etdiyini, İncəsənət İnstitutunun 3-cü kurs tələbəsi olan Möminat Qurbanovanı isə Şərəfnisə rolu üçün filmə gətirdiyini vurğuladı.

 

Filmdə xoş təsir bağışlayan müxtəlif rakurslu natura çəkilişləri operatorlar Zaur Məhərrəmovun Arif Nərimanbəyovun sənət bilgisinin təzahürüdür. Al-qırmızı laləli düzənliklər Azərbaycanın gözəl guşələrindən olan Şuşada, Daşaltı kəndində, dərviş Məstəli şahla müsyö Jordanın ilk dəfə rastlaşdığı səhnə (nohurdan su içdiyi kadr), Şahbaz bəyin müsyö Jordanla bitki topladığı ərazilər, dərviş Məstəli şahla Qulaməlinin (ulaqla) gəzdiyi düzənliklər Şamaxı ətrafı kəndlərdə lentə alınıb. Bakı Cıdır meydanından olan atlardan istifadə olunub. Atların nümayişi aktyorlarla məşğul olmaq üçün isə məşqçilər hər dəfə yaradıcı heyətlə birlikdə Şamaxıya getməli olub.

 

Bazar səhnəsi, xoruz döyüşdürmə kadrları kinostudiyanın həyətində çəkilib. Detal çəkilişlərindən biri kimi görüntülənən arabanın alt hissəsinə rekvizit, üst hissəsinə isə təbii qarpız-yemiş yığılıb. Dərviş Məstəli şahın Parisi partlatdığı məkanın çəkilişi üçün isə kinostudiyanın həyətində xüsusi tikinti işi aparılıb. Akif müəllim həmin səhnə ilə bağlı qeyd edir ki, pirotexniklər bu səhnəni hazırlayarkən gözlədiyimizdən artıq partlayış yaratmışdılar. Bu isə aktyorları əməlli-başlı qorxutmuşdu. Ancaq peşəkarlıqlarına özlərini itirmədiklərinə görə çəkiliş uğurla tamamlandı.

 

Hatəmxan ağanın evinin həyəti Mərdəkanda yerləşən bağ evində, evin interyeri isə kinostudiyanın pavilyonunda çəkilib. Rekvizitlər və geyimlərin əksəriyyəti kinostudiyanın sexindən gətirilib. Əsas rol iştirakçıları üçün (A.İsgəndərov, L.Bədirbəyli, Ə.Həsənov, M.Qurbanova, S.Yurskis.) sifarişlə hazırlanan libaslarla yanaşı kinostudiyanın geyim sexində olan əlbəsələrdən istifadə olunub. Görkəmli aktrisa Leyla Bədirbəyli (Şəhrəbanu) öz bəzək əşyalarından istifadə etsə də, digər qadınların zinət əşyaları kinostudiyanın rekvizit sexindən əldə edilib.

 

360 min rubl büdcəsi olan filmdən qonaq aktyora (S.Yurski) 4200 rubl qonorar ayrılıb. Montaj və səsləndirilməyə iki ay vaxt sərf olunub, film 11 aya yekunlaşıb. Moskvada Dövlət Kino Komitəsi kinokomediyanı yüksək qiymətləndirərək (ikinci kateqoriyada) qəbul edib. Onu da qeyd edək ki, 1976-cı ildə ərsəyə gələn filmin premyerası 1977-ci ilin fevralında olub. Sovet İttifaqının bütün respublikalarında göstərilən filmin təkcə bir il ərzində olan tamaşaçı sayı 10 milyonu ötüb.

 

Feodal-patriarxal ənənələrə, köhnə qayda-qanunlara kor-koranə riayət edən, həyat məsələlərinin həllini cadu ilə çözdüyünü zənn edən insanların avamlığını, savadsızlığını tənqid hədəfinə çevirən filmin ən mühüm mesajlarından biri də həyatın mənasını şöhrətdə görən, varlanmaq həvəsi ilə alışıb-yanan (Hatəmxan ağas.), əslində isə kiçik bir məktubu oxuya bilməyəcək qədər aciz olan, dünya mədəniyyətindən, sivilizasiyadan xəbərsiz məhdud düşüncəli xoşbəxtlərin bilgisizlik çərçivəsində həyatlarının son dərəcə təhlükədə olduqlarını anlatmasıdır. Dərviş Parisi partladır filmində yaşananlar bu mənada dərin səmimiyyət və incə yumor hissi ilə mühüm mesajları çatdırdığına, tamaşaçını gülərək köhnəlikdən ayırdığına görə maraqlıdır, baxımlıdır...

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.7.