Nizami romans müsabiqəsinin qalibləri mükafatlandırılıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Nizami Gəncəvi İli ilə bağlı tədbirlər planı çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə keçirdiyi Nizami romans respublika müsabiqə-festivalına yekun vurulub.

BMA-dan bildirilib ki, müsabiqəyə 18-35 yaş arasında akademik bəstəkarlıq təhsili alan ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənclər qatılıb.

Layihənin bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış bəstəkarlarından ibarət münsiflər heyəti təşkil olunub. Münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadədir.

Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri gənc bəstəkarların düşüncə tərzində yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsidir. Bu nəzərə alınaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların Nizami romans toplusu kitabı da nəşr edilib.

 

Münsiflər heyətinin səsverməsindən sonra l yerə İlahə Qismət İsrafilova, II yerə Fərid Fətullayev, III yerə Ülkər Aşurbəyova layiq görülüblər. Həmçinin Sara Amirian, Nigar Süleymanova Elvin Quliyev müsabiqənin diplomları ilə təltif olunublar. Digər iştirakçılara fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, Nizami Gəncəvi İli çərçivəsində keçirilən müsabiqə eyni zamanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.3.