Regionlarda Nizami irsinə həsr olunmuş tədbirlər davam edir

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kitab rəsmlərdən ibarət sərgi açılıb.

 

Sərgidə dahi Nizami Gəncəvinin kitabları, “Xəmsə”yə daxil olan poemalara çəkilmiş miniatürlər, həmçinin Heydər Əliyev Fondu tərəfindən mərkəzə hədiyyə edilən rus, ingilis və fransız dillərində nəşrlər nümayiş etdirilib. Mərkəzin əməkdaşı Rüfanə Həsənova şairin həyat və yaradıcılığından söz açıb. Şəhər Mərkəzi kitabxanasının əməkdaşı Dilbər Yaqubova, gənc aktrisa Türkan Abdullayeva, 10 saylı orta məktəbin ədəbiyyat müəllimi Şəfəq Xəlilova Nizaminin qəzəllərindən nümunələr söyləyiblər. Şəki Dövlət Dram Teatrının gənc aktyorlarının iştirakı ilə hazırlanmış kompozisiya nümayiş olunub.

 

Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev-muzeyində də Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəki rayon Oxud kənd Əhmədiyyə Cəbrayılov adına tam orta məktəbin şagirdlərinin ifasında Nizaminin əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim olunub.

 

Balakən rayon Tülü kənd Folklor evində “Nizami sözündən incilər” başlığı altında onlayn tədbir keçirilib. Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları isə şəhər 3 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdləri ilə birgə tədbir keçiriblər.

 

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə gerçəkləşən virtualYaz festivalı”na yekun vurulub. “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və mayın 12-dən iyunun 12-dək davam edən festival dahi şairin həyat və yaradıcılığını əhatə edən üç janr üzrə keçirilib. Festivalda müvafiq sənət istiqamətləri üzrə I, II və III yerləri tutmuş iştirakçılar yaxın günlərdə Masallı Regional Mədəniyyət İdarəsinin diplomu ilə təltif ediləcək.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsi açıq havadaNizami Gəncəvi - 880” adlı kitab sərgisi təşkil edib. Sərgidə şairin əsərləri, haqqında yazılmış kitablar nümayiş olunub.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan Rayon Tarix-Diyarşünaslıq MuzeyiYeddi gözəl” başlığı altında “nağıl axşamı” təşkil edib.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.3.