Günay teatr-studiyasının uğurları

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət Günay teatr-studiyası sənət ocaqlarının fəaliyyətinin məhdudlaşdığı karantin rejimi şəraitində də uğurlu yaradıcılıq işləri həyata keçirib.

 

Studiya İnstagramFacebook sosial səhifələri üzərindən konsertlər təqdim edib. Belə tədbirlərdən biri də torpaqlarımızın azad edilməsinə həsr olunmuş Zəfər onlayn konserti olub. Beynəlxalq onlayn müsabiqələrdə uğurla iştirak edən kollektiv ümumilikdə 18 müsabiqədən yüzə yaxın laureat diplomu qazanıb. Studiya Rusiya səfirliyinin keçirdiyi tədbirlərdə, yarışmalarda da fəal iştirak edərək mükafatlarla təltif olunub.

 

Günay teatr-studiyası Niyazinin Mənzil-Muzeyində 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş, 22 iyun tarixində isə Səməd Vurğunun Ev-Muzeyində Nizami Gəncəviyə həsr olunmuş ədəbi-musiqili kompozisiya ilə çıxış edib. Studiyanın bədii rəhbəri Larisa Tarusovanın quruluşunda Nizami adlı tamaşa hazırlanıb.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.5.