Tovuzda Qala düzü abidəsində ilkin tədqiqatlar aparılıb

XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqları aşkarlanıb

 

 

Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası iyun ayında rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid məscid və türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.

Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı ərazidə Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqları aşkar edilib. Burada məscid və türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması vaxtilə ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqləyib.

Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr Son Orta əsrlər dövrünə aid qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində aşkar olunmuş yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilib.

 

Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid məscid və türbə kompleksi ötən əsrin 80-ci illərində tədqiq edilib. Axınca çayının ətrafında yerləşən digər Orta əsrlər memarlıq nümunəsi XV əsrə aid Aran memarlıq üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.4.