Mədəniyyət naziri Misirin ölkəmizdəki səfirini qəbul edib

Mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

 

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 30-da Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyi vurğulanıb.

Nazir Anar Kərimov Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığına toxunaraq ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiklərini deyib. Mədəniyyət sahəsində daha çox işlərin görülməsinin vacibliyini qeyd edən Anar Kərimov bu sahədə əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Qəbul üçün minnətdarlığını bildirən səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək mədəni əlaqələrin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Diplomat tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaratdığını deyib.

Görüşdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.3.