Şəhid əmisinin də qisasını alacaqdı...

Düşmən qarşısında şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda canını sipər edən Vətən oğullarından biri də şəhid gizir Ürfan Məmmədovdur.

Ürfan Çingiz oğlu Məmmədov 1994-cü il iyunun 28-də Quba rayonunun Çartəpə kəndində dünyaya göz açıb. 2000-2009-cu illərdə Çartəpə kənd ümumi orta məktəbində təhsil alıb. Sonra rayonun Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbində təhsilini davam etdirib. 2011-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Lənkəranda N saylı hərbi hissədə xidmət edib. Xidmət vaxtı ona verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə və nizam-intizamına görə hərbi hissə komandiri tərəfindən təşəkkürnamə ilə təltif olunub. Hərbi xidmətini uğurla başa vurub evə qayıtsa da, Ürfan hərb sahəsində fəaliyyətini davam etdirmək istəyirdi. Bunun da başlıca səbəbi Birinci Qarabağ müharibəsində əmisi Mais Məmmədovun Füzuli istiqamətində mərdliklə vuruşub şəhid olması idi. Ürfan tez-tez ailəsinə hərbçi kimi xidmətini davam etdirəcəyini, məqam düşən kimi əmisinin qisasını alacağını bildirirdi.

Ürfan Məmmədov 2017-ci ildə gizirlik kurslarına yazılır. Kursu müvəffəqiyyətlə başa vurur və Mingəçevir şəhərindəki N saylı hərbi hissədə gizir kimi xidmətə başlayır. 2020-ci ilin iyulunda döyüşictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunur.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi illərdir qisas hissi ilə yanıb-tutuşan, düşmənə döyüş meydanında layiqli cavab verərək torpaqlarımızı azad etmək istəyən igid oğullarımız üçün hünər meydanı idi. Ürfanın da gözlədiyi məqam gəlib çatmışdı. Artıq qisas qiyamətə qalmayacaqdı. O da müharibənin birinci günündən savaş meydanına atılır. Sentyabrın 28-də Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində silahdaşları ilə düşmənin müqavimətini qırmağa nail olurlar. Ürfan kürəyindən qəlpə yarası alsa da, bir neçə saat qəhrəmancasına vuruşur. Artıq yaralı döyüşçünün sursatı tükənirdi. Döyüş yoldaşından sursat almaq istəyən zaman düşmən snayperindən yayına bilmir...

 

Qardaşı Sübhan Məmmədov deyir ki, Ürfanla sentyabrın 27-də əlaqə saxlayıb: Axşam saat 6 radələrində qardaşımla danışdım. Dedi ki, illərdir gözlədiyimiz gün gəlib çatıb. Ordumuz düşmən üzərinə əks-hücuma keçib. Özünüzdən muğayat olun. Bir gün sonra Sübhan qardaşına zəng etsə də, əlaqə qura bilmir. Sentyabrın 29-da səhər saatlarında Ürfanın şəhid xəbərini alırlar.

Ürfan Məmmədov sentyabrın 30-da doğulduğu kəndə yenidən qayıdır. Ancaq bu dəfə üçrəngli bayrağa bükülmüş vəziyyətdə və əbədi uyumaq üçün... Döyüş yoldaşları Ürfanla yanaşı, şəhid əmisinin də qisasını yağıda qoymadılar. Qəhrəman Ordumuz Ermənistan silahlı qüvvələrini darmadağın edərək parlaq Qələbə qazandı, ərazi bütövlüyümüzü bərpa etdi.

Ölkə başçısının müvafiq sərəncamları ilə Ürfan Məmmədov ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.6.