Mədəniyyət dövlətlərimizi və xalqlarımızı daha da yaxınlaşdırır

Nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir

 

İyulun 6-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb. Nümayəndə heyətinə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

 

Nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib. Büstün önünə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından əklil qoyulub. Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmilər ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

 

Sonra nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev memorialını ziyarət edib. Ümummilli liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyulub.

 

Nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qəhrəmanlar meydanında da olublar. Gürcüstan qəhrəmanlarının xatirəsi ehtiramla anılıb, abidə önünə əklil qoyulub.

 

***

 

Mədəniyyət naziri jurnalistlərə açıqlamasında Gürcüstana səfərlə bağlı geniş proqram tərtib edildiyini diqqətə çatdırıb. Bildirib ki, keçiriləcək görüşlərdə bu ölkədə azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ də diqqət mərkəzində olacaq, bu tarixi-mədəni irsin Gürcüstan hökuməti tərəfindən qorunması ilə bağlı müzakirələr aparılacaq.

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin vəziyyəti ilə də tanışlıq olacaq. Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq, deyə Anar Kərimov əlavə edib.

 

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylər arasında, eləcə də kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib. Qeyd edib ki, səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

 

***

 

Mədəniyyət naziri Anar Kərimov iyulun 6-da Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Sulukiani ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

 

Nazir Tea Sulukiani Azərbaycan nümayəndə heyətini Gürcüstanda görməkdən məmnun qaldığını vurğulayıb, bu cür səfərlərin dostqardaş ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. O, Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

 

Anar Kərimov qeyd edib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır.

 

Azərbaycan Gürcüstan ilə müxtəlif istiqamətlərdə, o cümlədən mədəni və humanitar sahələrdə əlaqələrin inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı əməkdaşlığımızı daha da genişləndirəcək, deyə nazir bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmilər iştirak ediblər.

 

Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

 

Sınıq körpünün bərpası hər iki tərəf üçün əhəmiyyət kəsb edir

 

 

Gürcüstanın mədəniyyət, idman və gənclər naziri ilə görüşdə iki ölkə arasında Sınıq körpü sərhəd-keçid məntəqəsinin yenidən qurulması məsələsinə də toxunulub.

 

Bu barədə jurnalistlərə açıqlamasında nazir Tea Sulukiani bildirib. O deyib ki, Sınıq körpü və Qırmızı körpü adlanan tikili tarixi-mədəni abidədir. Azərbaycanın və Gürcüstanın müvafiq dövlət və hökumət strukturları arasında bu abidənin yenidən qurulması barədə razılıq əldə olunub. Hazırda hər iki ölkənin mütəxəssisləri bununla əlaqədar birgə işləyirlər. Biz bu abidəni Dostluq körpüsü adlandıra bilərik. Bu istiqamətdə də müzakirələr gedir. Bu körpünün bərpası hər iki tərəf üçün əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu körpünün bərpası ortaq mədəni abidələrimizin mühafizəsi və əlaqələrimizin inkişafı üçün yeni imkanlar yaradacaq, deyə Tea Sulukiani vurğulayıb.

 

Qeyd edək ki, Sınıq körpüdə (Qırmızı körpü) təmir-bərpa işləri hələ 2018-ci ilin sonlarında başlanmışdı. Abidənin bərpa və konservasiya layihəsi Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Layihə körpü tağlarının bərpası, körpünün istinad divarlarının möhkəmləndirilməsi, burada olan karvansaraların bərpası və digər işləri nəzərdə tutur.

 

Qeyd edək ki, Sınıq körpü XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağsol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib.

 

***

 

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi diqqət mərkəzində olub. Mədəni əlaqələrin inkişafının bölgədə davamlı sülhə və təhlükəsizliyə də töhfə verdiyi vurğulanıb.

 

David Zalkaliani deyib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi də iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

 

Anar Kərimov qeyd edib ki, Azərbaycan dövləti qonşudost Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi önəm verir: Bizim beynəlxalq təşkilatlar çərçivəsində siyasiiqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığımız xüsusilə əhəmiyyət kəsb edir.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyeviştirak edib.

 

 

UNESCO çərçivəsində əlaqələrimizi gücləndirəcəyik

 

 

Azərbaycan-Gürcüstan tarixi əlaqələri əməkdaşlığın digər sahələrinə də sirayət edir. Mədəniyyət bizim dövlət və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

 

Mədəniyyət naziri Anar Kərimov bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra jurnalistlər qarşısında deyib.

 

Nazir qeyd edib ki, görüşdə iki ölkə arasında tarixən mövcud olan dostmehriban qonşuluq münasibətləri nəzərdən keçirilib.

 

A.Kərimov Gürcüstanla beynəlxalq səviyyədə əməkdaşlıq məsələsinin də müzakirə olunduğunu bildirib: Biz UNESCO çərçivəsində əlaqələrimizi bundan sonra daha da gücləndirəcəyik. Görüşdə Azərbaycanın təşəbbüskarı olduğu Mədəniyyət naminə sülh qlobal kampaniya layihəsi barədə də məlumat verildi. Bu təşəbbüsün regionda sülh, barışıq və qarşılıqlı anlaşmanı təşviq edən layihə olduğu diqqətə çatdırıldı.

 

Nazir Azərbaycanın Gürcüstanla mədəni əlaqələri inkişaf etdirəcəyini və bunun hər iki xalqın daha da yaxınlaşmasına xidmət edəcəyini vurğulayıb.

 

Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz birlikdə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib. Mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirik.

 

Bunu isə David Zalkaliani deyib. O, qeyd edib ki, Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

 

***

 

Səfər çərçivəsində nazir Anar Kərimov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

 

Görüşdə Azərbaycanın Gürcüstanın paytaxt şəhərləri bölgələri arasında əməkdaşlıq əlaqələri, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolu digər məsələlər diqqət mərkəzində olub.

 

Kaxa Kaladze Azərbaycan mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstana səfərinin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

Nazir Anar Kərimov ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, paytaxt şəhərlər bölgələr arasında əməkdaşlığın genişlənməsinin xalqlarımızın rifahının yüksəlməsinə ümumi sosial inkişafa xidmət edəcəyini bildirib.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

 

Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri iyulun 9-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 1; 2.