160 min medal

 

Müdafiə Nazirliyi medalların təqdim olunmasında gecikməyə aydınlıq gətirib

 

İyulun 6-da Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə müvafiq sərəncamlarla təltif olunanların medallarının təqdim olunmaması məsələsi sorğu edilib.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Azərbaycan Ordusu üzrə 160 000 medaldan yalnız 13 300 medal aidiyyəti üzrə təqdim olunub. Qeyd edilib ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir. Müdafiə Nazirliyi və hərbi hissələrin nümayəndələri tərəfindən bu kateqoriyadan olan ailələr mütəmadi ziyarət olunur, onların qayğıları və problemləri ilə maraqlanılır. Əlavə məsələlərlə bağlı müraciət edənlər isə nazirliyin rəsmiləri tərəfindən qəbul olunur və qaldırdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 2.