Əl-Cəzirə Ermənistanın basdırdığı minaların qurbanları barədə reportaj yayımlayıb

 

Qətərin beynəlxalq Əl-Cəzirə (Aljazeera) telekanalında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların qurbanları haqqında reportaj yayımlanıb.

 

Reportajda müharibədən sonra yüzdən çox mülki şəxsin mina partlayışı nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edilib.

 

İşğaldan azad edilmiş Ağdam rayonunun sakini Əsli Mahmudova telekanalın müxbirinə müsahibəsində oğlunun minaya düşərək həlak olduğunu, onun iki azyaşlı övladının atasız qaldığını söyləyib. Fermer Xalid Tahirov telekanala müsahibəsində deyib ki, o, minalanmış ərazilərdə heyvanlarını otara bilmir.

 

Reportajda həmçinin qeyd olunub ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin bütün xəritələrini vermək istəmədiyini bəyan edib.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 3.