Ekranlara yeni filmlər gəlir...

Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında 3 bədii tammetrajlı film istehsal prosesindədir. Bu barədə kinostudiyanın mətbuat xidmətindən məlumat verilib.

Rejissor Elçin Musaoğlunun Məryəm filminin çəkilişlərinə may ayından başlanılıb. Hazırda Zaqatala-Balakən bölgəsində son çəkilişlər gedir və iyulun 10-na kimi çəkilişlər tamamlanacaq. Ekran əsərinin ilin sonuna tamaşaçılara təqdim olunması nəzərdə tutulub. Dram janrında olan filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir. Qeyd edək ki, filmlə bağlı əlavə məlumat növbəti günlərdə mətbuata açıqlanacaq.

İkinci Qarabağ müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin Fəryad 2 filmi ilə bağlı hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyul ayının 15-dən sonra çəkilişlər başlanacaq.

Asif Rüstəmovun Mərmər soyuğu adlı filmi isə fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki filmin də çəkilişlərinin tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri də davam edir. Görünməyən qəhrəmanlar adlı 5 hissəli silsilə xronikal filmlərin istehsalı prosesinə artıq start verilib. Silsilə filmlər İkinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülər haqqındadır. Mədəniyyət Nazirliyinin Böyük qayıdış ssenari müsabiqəsinin qalibi olan Fulya sənədli filmi tamamlanıb və montaj prosesindədir.

 

L.AZƏRİ

Mədəniyyət.- 2021.- 7 iyul. S. 5.