ATƏT PA-nın sessiyasında Ermənistanla Azərbaycan arasında etimad tədbirlərindən söz açılıb

 

İyulun 5-də Vyana şəhərində ATƏT Parlament Assambleyası (ATƏT PA) Daimi Komitəsinin iclası başlanıb.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iclasda çıxış edib. Deputat 2020-ci ilin İkinci Qarabağ müharibəsi ilə bağlı Ermənistanda səslənən spekulyativ fikirlərə və revanşist çıxışlara toxunaraq bildirib ki, bu ölkə hələ də 44 günlük müharibədən dərs çıxarmağı və reallığı düzgün qiymətləndirməyi bacarmır. Ermənistanın ənənəvi ritorikasının nə özlərinə, nə də regiona heç bir faydası olmayacaq.

 

Azay Quliyev iclas iştirakçılarını Ermənistanla Azərbaycan arasında humanitar sahədə etimadın artırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qeyd edib ki, ABŞ, Avropa Birliyi, ATƏT sədri və Gürcüstanın dəstəyi ilə 12 iyun 2021-ci ildə əldə olunmuş razılığa görə, Ermənistan Ağdam rayonunda yerləşdirilmiş 97 min tank və piyada əleyhinə minanın xəritələrini Azərbaycana təqdim edib, bunun əvəzində Azərbaycan ölkə ərazisində saxlanılan 15 ermənini geri qaytarıb. Qeyd olunan şəxslər müharibədən sonra, 2020-ci ilin dekabrında Ermənistan tərəfin Azərbaycan ərazisinə göndərdiyi təxribatçı qrupun üzvləri olub. Millət vəkili diqqətə çatdırıb ki, ikinci humanitar təşəbbüs 3 iyul 2021-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutdu. Bu dəfə Ermənistan Azərbaycanın Füzuli və Zəngilan rayonlarında işğal zamanı yerləşdirilmiş təxminən 92 min tank və piyada əleyhinə minanın xəritələrini təqdim edib. Buna cavab olaraq, Azərbaycan məhkəmənin hökmü ilə həbs edilmiş və təyin olunmuş cəzanın müddəti bitmiş daha 15 erməni vətəndaşını humanizmə əsaslanaraq Ermənistana təhvil verib.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Ermənistanı son humanitar tədbirlərin müvəffəqiyyətini möhkəmləndirməyə və Azərbaycandakı digər minalanmış ərazilərin xəritələrinin təqdim olunması üçün beynəlxalq ictimaiyyət və bölgədəki aktorlarla konstruktiv əlaqələri davam etdirməyə təşviq etmək lazımdır.

 

Daha sonra Azay Quliyev Ermənistanın otuzillik işğal dövründə ərazilərimizdə yerləşdirdiyi minaların partlaması ilə bağlı son 8 aydakı dəhşətli statistik məlumatları qeyd edib – məlum olduğu kimi, bu günə qədər minaya düşən 144 azərbaycanlının 27-si həyatını itirib və yerdə qalanları ağır yaralanıb: “Bu xəritələrin əldə edilməsi humanitar baxımdan böyük əhəmiyyət kəsb edir, çünki bununla minlərlə insanın, o cümlədən Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpası və yenidən qurulması prosesində fəal iştirak edən beynəlxalq tərəfdaşlar və şirkətlərin nümayəndələrinin həyatını real təhlükədən xilas etmək mümkün olacaq”.

 

Sonda Azay Quliyev ATƏT PA-nı və üzv ölkələri post-münaqişədən irəli gələn məsələlərin həllində, regionda qalıcı sülhün və barışın əldə olunmasında üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.

 

Sessiyanın ikinci günündə ATƏT PA-nın plenar müzakirələri davam edib, həmçinin qurumun prezidenti, vitse-prezidentləri ilə bağlı seçkilər keçirilib.

 

Bu arada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb. Onun “Twitter” hesabındakı paylaşımında deyilir: “Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol aça bilər.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 3.