Qobu emalatxanasında ilin ən böyük xalçası kəsilib

Azərxalça Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. İyulun 2-də kəsilən xalçanı beş ay müddətində 4 xanım toxuyub.

 

Azərxalçanın mətbuat xidmətindən bildirilib ki, Quba məktəbinə aid Pirəbədil çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

 

Qeyd edək ki, iriölçülü (24-25 kvadratmetr) xalçaları toxumaq üçün Azərxalçanın hər emalatxanasında 2 böyük xalça dəzgahı mövcuddur.

 

Azərxalça ASC-nin Abşeron rayonunun Qobu qəsəbəsində xalça istehsalı emalatxanası 2018-ci ilin dekabrında fəaliyyətə başlayıb. Emalatxananın Qobu qəsəbəsinin ərazisində yaradılması təsadüfi deyil. Çünki bu qəsəbədə həm tarixən xalçaçılıqla məşğul olublar, həm də filialın yerləşdiyi ərazi xalçaçılığın yaşadıldığı Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinə təqribən eyni uzaqlıqda olan məsafədə yerləşir. Burada əsasən Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 5.