Maarifçilik ideallarının görkəmli təbliğatçısı

 

Dərin məzmunlu əsərləri ilə maarifçilik ideallarını təbliğ edən ədiblərimizdən biri də Nəcəf bəy Vəzirov olub. Görkəmli dramaturq M.F.Axundzadə ənənələrini davam etdirərək silsilə komediyalar yazıb, Müsibəti-Fəxrəddin əsəri ilə ədəbiyyatımızda faciə janrının əsasını qoyub. Maarifçi ədibin xatirəsini vəfatının 95-ci ildönümü ərəfəsində yad edirik.

 

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ildə Şuşa şəhərində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı şəhərində davam etdirir. İmkan düşdükcə teatra gedir. Bir müddət sonra izlədiyi tamaşaların, xüsusilə M.F.Axundzadənin komediyalarının təsiri ilə onda yaradıcılığa meyil oyanır. Gimnaziyanın son siniflərində oxuyarkən Əti sənin, sümüyü mənim, Qaragünlü adlı ilk pyeslərini qələmə alır.

 

Nəcəf bəy tərcümeyi-halında yazır: 1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov (Zərdabi) cənablarına müraciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin Hacı Qara komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Tamaşa günü çox adam var idi... Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəlmişdi. Həman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramını gətirdi. M.F.Axundzadə iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi: Bu gün Hacı Qaranı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız.

 

Orta təhsili uğurla başa vuran Nəcəf bəy Rusiyaya gedir. Sənədlərini Sankt-Peterburq Universitetinə verir. Şəhərin rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Moskvaya köçməyi məsləhət görür. Bundan sonra Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasına daxil olur. Qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün ona təqaüd də təyin olunur. Aldığı təqaüdlə o, teatr tamaşalarına gedir. Asudə vaxtlarında bədii əsərlər yazır. Əkinçi qəzetində məqalələrlə çıxış edir.

 

Dörd ildən sonra təhsilini başa vurur və vətənə dönür. Gəncə quberniyasının Dilican, Tərtər bölgələrində meşəbəyi işləyir. Eyni zamanda Bakıda çıxan Həyat, İrşad, Tazə həyat, Açıq söz və s. qəzetlərdə Dərviş imzası ilə felyetonlar yazır. Digər tərəfdən isə dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün böyük səy göstərir. 1905-ci ildə birinci rus inqilabı başlayanda çar hökumətinin nəzərində siyasi cəhətdən o qədər də etibarlı olmayan Petrovski-Razumovski Akademiyasının məzunları da nəzarətə götürülür. Nəcəf bəy Vəzirov da əsassız olaraq işdən azad edilir. O, Bakıda bir daha imtahan verir və vəkil işləmək hüququ alır. Bundan sonra vəkillik fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla daha ardıcıl məşğul olur. Yağışdan çıxdıq, yağmura düşdük, Pəhləvanani-zəmanə, Daldan atılan daş topuğa dəyər, Sonrakı peşmançılıq fayda verməz, Adı var, özü yox pyeslərini yazır.

 

Ədibin dövrümüzə gəlib çatan ilk əsəri Ev tərbiyəsinin bir şəkli komediyasıdır. Bu əsərdə mülkədar ailələrindəki tərbiyə üsulu tənqid edilir. Komediyanın konflikti varlı, amma kobud, mədəniyyətsiz ata Bayraməli bəylə tənbəl və tərbiyəsiz oğulları Rəsul və Səfdərqulu arasındakı müasir həyat qaydalarına, məktəbə münasibətdən doğan ziddiyyətlər üzərində qurulub.

 

N.Vəzirovun yaradıcılığında Müsibəti-Fəxrəddin əsəri mühüm yer tutur. Müəllifin 1896-cı ildə yazdığı və Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyduğu pyesin mövzusu iki mülkədar ailəsi arasında gedən qan davasından alınıb. Faciənin konflikti mürtəce köhnəliklə nisbətən zəif yenilik arasındakı mübarizədir. Birincilərin nümayəndəsi mühafizəkar mülkədar olan Rüstəm bəy, ikincilərin nümayəndəsi isə demokratik ruhlu mülkədar ziyalı Fəxrəddin bəydir. Rüstəm bəy yaşadığı ərazidə özündən böyük heç bir varlı şəxs görmək istəmir. Ona salam verməyən hər kəsi öldürür, evinə od vurub yandırır... İntiqam hissi Rüstəm bəyin gözünü tutur. Oğlu Mahmud bəyi də bu işə təhrik edir və sonda onun da ölümünə səbəb olur. Əsərin müsbət qəhrəmanı Fəxrəddin bəy gənc ziyalıdır. Xaricdə 5 il ali təhsil aldıqdan sonra böyük arzularla vətənə dönür... Qan davasına son qoymaq və Rüstəm bəylə barışmaq istəyir. Sonda o, maarifsizliyin gülləsinə tuş gəlir...

 

Yağışdan çıxdıq, yağmura düşdük (Hacı Qəmbər) komediyasının mövzusu isə tacir həyatından götürülüb. Komediyanın mənfi qəhrəmanı Hacı Qəmbərdir. O, xarici ölkələrlə ticarət edir. Daha çox varlanmaq sevdasına düşür. Sonda barama alverinə girişir. Lakin barama yüklənmiş gəminin dənizdə batması xəbərini eşidəndə havalanır. Ayaqyalın, başıaçıq küçələrdə dolaşır. Bir növ gülüş obyektinə çevrilir. Bir müddət sonra baramanın sığorta olunduğunu, pulunun qaytarılacağı xəbərini eşidir. Bundan sonra ağlı başına gəlir və sağalır...

 

N.Vəzirov yaradıcılığının ikinci dövrü Ağa Kərim xan Ərdəbili məzhəkəsi ilə başlayır. Müəllif əsəri yazarkən məşhur fransız dramaturqu Jan Batist Molyerin Xəsis komediyasından bəhrələnib. Ancaq o, əsərə milli ruh verməklə tipik bədii obrazlar yarada bilib. Buna görə də komediya dramaturgiyamızda diqqətəlayiq nümunələrdən hesab olunur. Ədib daha sonra Vay şələküm-məəlləküm, Nə əkərsən, onu biçərsən və Keçmişdə qaçaqlar əsərlərini yazır. Ədib eyni zamanda müxtəlif teatr truppalarında rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb...

 

1913-cü ildə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Tağıyev teatrında təntənəli yubiley tədbiri keçirilir. Nəcəf bəy Vəzirov adlı ayrıca kitabça nəşr olunur. Ədəbi ictimaiyyətin ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini daha da artırır.

 

1917-ci il oktyabrın 25-də Rusiyada çar hakimiyyətinin devrilməsi xəbərini böyük sevinclə qarşılayan ədib mətbuatda Getsin, gəlməsin adlı məqalə ilə çıxış edir. N.Vəzirov Azərbaycan Xalq Cümhuriyyəti zamanında pedaqoji fəaliyyətini daha da genişləndirir, maarifçiliyin inkişafına töhfələr verir.

 

Azərbaycanın sovetləşməsindən (1920) sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyir. Meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır. Təcrübə məşğələlərinə rəhbərlik edir. Unudulmaz yazıçı-dramaturq 9 iyul 1926-cı ildə tələbələri ilə birlikdə Şamaxıda, Çuxuryurdda olarkən ürəktutmasından vəfat edir, Bakıda dəfn olunur.

 

Savalan FƏRƏCOV

Mədəniyyət.- 2021.- 7 iyul. S. 6.