Ukraynalı alim Kiyev küçələrindən birinə Yusif Vəzir Çəmənzəminlinin adının verilməsini təklif edib

Kiyev küçələrindən birinə azərbaycanlı məşhur siyasətçi, yazıçı, tarixçi Yusif Vəzir Çəmənzəminlinin adı verilməlidir.

 

Ukraynalı alim, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, Yusif Vəzir Çəmənzəminlini Ukrayna ilə bağlayan amillər çoxdur.

Alim diqqətə çatdırıb ki, 1993-cü ildə Kiyevdəki Veselka (Göy qurşağı) nəşriyyatında ukraynalı gənc oxucular üçün Yusif Vəzir Çəmənzəminlinin ij (Qızlar bulağı) kitabı çapdan çıxıb. Bu gün isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Tarix fakültəsinin Şərqşünaslıq proqramı üzrə təhsil alan tələbələr onun fəaliyyətinin Kiyev dövrünü maraqla öyrənirlər.

Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan Xalq Cümhuriyyətinin Kiyevdə səfiri təyin edilməsindən də söz açan alim bildirib ki, bu, heç də təsadüfi olmayıb. Yusif Vəzir Müqəddəs Kiyevdəki Vladimir Universitetinin Hüquq fakültəsini bitirib. Birinci Dünya müharibəsi dövründə Kiyevin almanlar tərəfindən işğal edilməsi təhlükəsi vardı. Buna görə universitet Saratova təxliyə edilmişdi. Yusif Vəzir sonradan Saratov məhkəmə palatasında işə qəbul edilib. Az sonra maddi çətinliklər üzündən Ukraynaya qayıdan Yusif Vəzir Cənub-qərb cəbhəsinin zemstvosunda işə düzəlib. 1917-ci il fevral inqilabı başlananda Yusif Vəzir Çəmənzəminli Qaliçinada idi. O, burada Ukrayna Xalq Respublikasının rəhbər xadimləri ilə tanış olub. Alim bir faktı da qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Vasili Kujimin qardaşı Aleksey Kujim (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Azərbaycanda vitse-konsulu) universitetdə Yusif Vəzir Çəmənzəminli ilə birgə oxuyub: Buna görə də Yusif Vəzirin Ukraynaya səfir təyin edilməsi tamamilə qanunauyğun idi: Yusif Vəzir bu ölkəyə və onun insanlarına bələd olmaqla bərabər Ukrayna xarici siyasətinin o vaxtkı rəhbərləri ilə şəxsən tanış idi.

Ümidvaram ki, Kiyev küçələrindən birinə görkəmli yazıçı, əslən Azərbaycanın Şuşa şəhərindən olan, Kiyev Universitetində təhsil almış, ukraynalı oxucuların çoxu üçün Azərbaycan tarixi və mədəniyyətinə dair biliklərin mənbəyi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı veriləcək, deyə Oleq Kupçik bildirib.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 3.