İslam irsimizi tanıyaq: Bibiheybət məscidi

Mədəniyyət Nazirliyinin İslam irsimizi qoruyaq layihəsi çərçivəsində təqdim olunan növbəti videomaterial Bakının Səbail rayonunda yerləşən Bibiheybət məscidi haqqındadır.

 

Bibiheybət məscidi dünyanın müxtəlif ölkələrindən gələn müsəlmanlar tərəfindən də dərin iman və sevgi ilə ziyarət olunur. Burada İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbri yerləşir.

 

Məscidi Şirvanşah II Fərruxzad inşa etdirib. Məscidin portalındakı kitabədə onun miladi tarixlə 1281-1282-ci illərdə Fərruxzad ibn II Axsitan ibn III Fərzburzun əmri ilə memar Mahmud ibn Səidin tikdiyi yazılıb.

 

Bibiheybət ziyarətgahı sovetlərin ilk illərində din əleyhinə kampaniyanın qurbanı olub, 1934-cü ildə tamamilə dağıdılıb. Bununla belə zəvvarlar buraya daima üz tutmaqda davam ediblər.

 

Ulu öndər Heydər Əliyev 1997-ci il iyulun 23-də Məhəmməd Peyğəmbərin (s) mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub, bir il sonra, 1998-ci il iyulun 12-də məscidin açılış mərasimində iştirak edib.

 

Prezident İlham Əliyevin təşəbbüsü, eləcə də diqqət və qayğısı sayəsində Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilib. Ziyarətgahın əsas korpusunun açılışından düz on il sonra 2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma və təmir işlərindən sonra məscidin bütöv bir kompleks olaraq açılış mərasimi olub.

 

Ziyarətgahda həmçinin ilk dəfə olaraq muzey yaradılaraq zəvvarların ixtiyarına verilib.

 

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 6.