Vindzor atçılıq şousunda Xarıbülbül kompozisiyası

Qarabağ atları ilə budəfəki proqram Vətən müharibəsində Zəfərə həsr olunub

 

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ənənəvi Vindzor Kral Atçılıq Şousunda (Royal Windsor Horse Show) Azərbaycan heyəti yenə möhtəşəm çıxışı ilə yadda qalıb.

 

İyulun 1-dən 4-dək davam edən, Kraliça II Elizabetin və kral ailəsinin digər üzvlərinin tamaşa etdikləri tədbirlərdə Xarıbülbül adlı xüsusi şou-kompozisiya təqdim olunub.

 

Vətən müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri cəsur hərəkətlər, Azərbaycanın milli geyimində arenaya çıxan Sərhədçi rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanıb.

 

Məşhur Xudayar təsnifinin, Tofiq Quliyevin Qaytağısının, Polad Bülbüloğlunun Eşq və ölüm baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsunkar görüntüləri ilə müşayiət olunub.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

 

Xarıbülbül şou kompozisiyasını xüsusi maraqla izləmiş Kraliça II Elizabet nümayəndə heyəti ilə görüşüb, xatirə şəkli çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırıb, onların gələcək atçılıq tədbirlərinə də qatılacağına ümidvar olduğunu vurğulayıb.

 

Azərbaycanın qədimliyini, özünəməxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən heyranlıqla qarşılanıb. Bu tədbir eyni zamanda Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına töhfədir.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 1; 8.