Musiqili Teatrın aktrisası beynəlxalq festivaldan diplomla qayıdıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçirilən VIII O-FEST Beynəlxalq Opera, Operetta və Müzikl Festivalında uğurla çıxış edib və diploma layiq görülüb.

Lirik soprano səsli vokalçımız tədbirə Ukrayna Milli Operetta Teatrının bədii rəhbəri, festivalın təşkilatçısı Boqdan Strutinskinin dəvəti ilə qatılıb. 11 ölkənin vokalçılarının qatıldığı festivalda N.Kərimovanın çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. O, festivalın qala-konsertlərində İmre Kalmanın Mister X operettasından Teodoranın ariyasını və Françesko Sartorinin Con te partiro mahnısını ifa edib.

Səfər təəssüratını bölüşən vokalçı festivalda iştirakı üçün yaradılan imkana görə hər kəsə çalışdığı teatrın rəhbərliyinə, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Elmira Axundovaya və beynəlxalq festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Dünyanı cənginə alan pandemiya səbəbindən böyük səhnələrdən uzaq düşməyim, digər həmkarlarım kimi, məni də çox məyus edirdi. Yenidən o mühitə qayıtmaq sanki mənə dünyaları bəxş etdi. Əslində, uzun müddət teatrsız, səhnəsiz qalan aktrisa üçün birdən-birə geniş auditoriya qarşısına çıxmağın özü də böyük məsuliyyət idi. Lakin hər şey gözlədiyimdən də yaxşı alındı... Arzum budur ki, tezliklə ölkəmizdə də belə möhtəşəm festivallar keçirilsin və biz də yenə öz işimizin, sənətimizin əvvəlki axarına qayıdaq, deyə o bildirib

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 2.