Hər azərbaycanlını dünya xəritəsində bir işıq kimi təsəvvür etsək...

 

Vətəni qüdrətli, milləti güclü edən ən vacib şərt birlikdir. Övladları dünya boyu səpələnmiş xalqların, o sıradan bizim, Azərbaycanın və azərbaycanlıların millət birliyinə həmişə ehtiyacı olub, bu gün isə bəlkə dünənkindən də daha çoxdur.

 

Bu sözlər Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının (5 iyul 2002-ci il) ildönümü ilə bağlı Hamımızın günü Vətəni qüdrətli, milləti güclü edən ən vacib şərt birlikdir sərlövhəli yazısında yer alıb.

 

Yazıda vurğulanır ki, müstəqilliyinin 30-cu ilini yaşayan dövlətimizin, Azərbaycan Respublikasının əhalisi 10 milyonsa da, dünya boyu azərbaycanlıların sayı bütövlükdə 50 milyondan çoxdur. Bu iki rəqəm arasındakı böyük fərq birliyimizin nə qədər zəruri olmasını, dünyanın ən ucqar guşəsindəki hər soydaşımızın, hər həmvətənimizin Vətənə hər zaman olduğundan daha yaxın durmasının mühümlüyünü tələb edir.

 

Birlik arzusu, söz yox ki, hər azərbaycanlının ürəyində var. Biz tarix boyu torpağına, yurduna bağlı olmuşuq. Lakin tarixin və taleyin ayrı saldığı, Vətəndən uzaqlara apardığı həmvətənlərin daha yaxın əlaqələrinin qurulması, daha sıx birliyinin yaranması üçün körpülər gərəkdir deyə akademik qeyd edir.

 

Rafael Hüseynov daha sonra yazır: Hər mənzildə, hər ünvanda işıq yansın deyə ən əvvəl ora xətt çəkmək lazımdır. Diaspor Komitəsi bu nəcib niyyəti gerçəkləşdirir ki, dünyanın ən ucqar nöqtəsində olan soydaşımıza da üz tutur. Çalışır ki, Vətənin işığı onlara, onların işığı Vətənə çatsın. Qovuşan işıqlarımızla yalnız birliyimiz daha sarsılmaz olmur, həm də gedəcəyimiz yollar daha aydın görünür. Hər azərbaycanlını dünya xəritəsini göz önünə gətirərək bir işıq kimi təsəvvür etsək, onu görərik ki, son 3 ildən artıq müddətdə bu işıqların sayı yüzlərlə deyil, minlərlə artıb.

 

Akademik siyasətlərin və taleyin onillərcə Vətəndən ayrı saldığı Cümhuriyyət qurucularımızın varislərinin doğma Azərbaycanı ilə, dövləti ilə, milləti ilə daha sıx bağlanması ilə əlaqədar Diaspor Komitəsinin son illərdəki fəaliyyətini də təqdirlə qeyd edir. Vurğulayır ki, Diaspor Komitəsi bu gün Bakıdan səmimiyyətlə dünyanın hər guşəsindəki azərbaycanlıya məhəbbətini bağışlamağa açılan qucaq, kürəyinizi söykəyə biləcəyiniz kürəkdir: Hər birinizin ürəyində döyünən, bizi birgə və güclü edən Azərbaycan yaşasın!.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 3.