Sevənlər göz yaşlarına inanarlar

Görkəmli rejissor üçün vida sözü

 

Sizi bilmirəm, pandemiya xəbərlərini eşitdikcə COVİD-19 virusuna taclı virus yox, cəllad virus demək istəyirəm. Əslində, dünya tarixi boyunca ən qəddar cəlladlar elə taxt-tac sahiblərinin arasından çıxıb. Amma koronavirusdan fərqli olaraq, o taclılar elə ölüm hökmü verməklə kifayətləniblər, onu özləri (şəxsən) icra etməyiblər

 

Belə kədərli bənzətmə qəfildən yaranmadı.

 

İyulun 5-də görkəmli kino rejissoruaktyoru, Rusiyanın Xalq artisti, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, ABŞ Kino Akademiyasının Oskar mükafatı laureatı, professor Vladimir Menşov 82 yaşında koronavirus infeksiyasından dünyasını dəyişdi.

 

İndi deyən tapılar ki, maşallah, az ömür yaşamayıb Düz.

 

Yenə də münasibət bildirmək olar ki, mərhum bu yaşadək sənət baxımından nələri edə biləcəksə, edib. Bu yaşdan sonrası Əslində bu yanaşma da doğru.

 

Azərbaycanın çörəyini yeyib ona arxa çevirməyən hər kəsi həm də səmimiyyətinə, düzgünlüyünə, vicdanını itirmədiyinə görə sevən, hörmətini saxlayan Azərbaycan tamaşaçısı isə daha çox ona heyfsilənəcək ki, təkcə neçə nəslin sevimli filmlərinin quruluşçu rejissoru, ssenari müəllifi və aktyoru yox, Azərbaycanı çox sevən, doğulduğu, uşaqlığı və ilk gənclik illəri keçən Bakını mənim günəşli şəhərim adlandıran böyük vicdan sahibini itirdik.

 

2014-cü ildə Bakıda Mosfilm həftəsinin açılışını Vladimir Menşovun Məhəbbət və göyərçinləri etmişdi. Rejissor Mosfilm kinostudiyasını məhz Bakıda təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulamışdı: Bakı mənə çox əzizdir. Burada doğulub boya-başa çatmışam. İndiki Neftçilər prospektində yaşamışam.

 

Sonuncu dəfə Bakıda iki il öncə, 2019-cu ilin aprelində olmuşdu. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi layihəsinin iştirakçısı, dərs dediyi, qəyyumlar şurasının üzvü olduğu ali kino təhsili ocağının təmsilçisi kimi gəlmişdi. Nizami Kino Mərkəzində onunla keçirilən görüşdə isə iynə atsaydın, yerə düşməzdi. Kino zövqünün formalaşdığı yaşı Menşovun çəkdiyi məşhur filmlərin istehsal tarixinə təsadüf edənlər yox, gənclər də çox idi həmin görüşdə. Salondakı qələbəliyi görəndə etdiyi etiraf isə qonağın ziyarətinə gələnlərin ürəyincə olmuşdu: Bakıya siz düşündüyünüz qədər gec-gec gəlmirəm. Bakı mənim doğma şəhərimdir, qohumlarım bu şəhərdə yaşayır. Gələndə onların evinə düşürəm deyə, xəbər tutan az olur. Boynumuza alaq, auditoriya, kütlə deyilən zümrə təvazökar, şəxsiyyətini qabartmayan məşhurları həmişə çox sevib, sevəcək də.

 

Məşhurluq deyəndə ki Vladimir Menşovun quruluşçu rejissoru olduğu filmlərin sayı bir əli yumruq kimi bükməyə yetir. Təbii ki, bu sayın belə az olmasında kadrarxası çəkişmələr, bir çox sənət mübahisələrində rejissor Menşovun çox vaxt əsl Qafqaz kişisi kimi mərdanə davranışından xoşlanmayanların mənfi rəyi, acıq çıxmaq istəyi də az rol oynamayıb. Amma o, heç vaxt bunları dilinə gətirməyib, filmlərinin sayca azlığını belə dəyərləndirib: Mən baxmaq istədiyim filmləri çəkmişəm. Həmin görüşün müqəddəməsində tanınmış kinoşünas Ayaz Salayev onu belə təqdim etmişdi: Əgər o, heç bir film çəkməsəydi, görkəmli aktyor kimi tarixdə qalacaqdı, əgər heç bir rol oynamasaydı, rejissor olaraq tarixdə qalacaqdı.

 

Bəli, çox təəssüf ki, Vladimir Menşov ömrünün həmin məqamı sonu, tarixə qovuşmaq zamanı yetişdi.

 

İlk gəncliyində məhz aktyor, rejissor olmaq üçün bir neçə cəhddən sonra arzuladığı təhsil ocağına daxil olmuşdu.

 

Ssenarilərini təsdiq etdirincə, neçə qapı döymüşdü, kino məmurlarını çəkmək istədiyi filmlərin uğuruna inandırmaq üçün nə qədər söz döyüşünə çıxmışdı.

 

Şəraitsizlik, pulsuzluq üzündən cavan arvadı, körpə qızı ilə bir mənzildə yaşamaq uğrunda da çabalamışdı.

 

bu mübarizələrdən həmişə qalib çıxmışdı, özünü aktyor, rejissor kimi təsdiqlətmək, nümunəvi sənət ailəsi qurmaq cəhdi onu uğura gətirib çıxarmışdı.

 

Nə acı ki, böyük insan cəmi iki həftənin içində amansız virusa təslim oldu; çünki bu savaşda ruhdan çox can çəkişməsi vacib idi.

 

Fani dünyanın həyat adlı Oyunu bu dəfə əbədi bitdi, Bəxtəvər Kukuşkin. Amma Məhəbbət və göyərçinlər arasında bərabərlik işarəsi qoymağı bacaranlar Moskva göz yaşlarına inanmır desələr də, Öz yerində olan kolxoz sədri Semyon İvanoviç, Nofelet hardadır?dakı utancaq Pavel Qolikov kimi baş verənləri necə varsa, eləcə də qarşılayarlar. Daşları toplamaq zamanı sizin ömrünüzə bu sayaq gəldi, unuda bilməyəcəyimiz Vladimir Valentinoviç!

Uca Yaradan günahlarınızı bağışlasın, ruhunuzun əbədi məkanı behişt olsun!

Sizi sevən oxucularımızın adından hörmətlə

 

Gülcahan MİRMƏMMƏD

Mədəniyyət.- 2021.- 7 iyul. S. 7.