Təmrinin növbəti xüsusi buraxılışı Mirzə Fətəliyə həsr olunub

Artıq ikinci ildir Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və Türkiyənin Təmrin dərgisi Azərbaycanın görkəmli şəxsiyyətləri adlı birgə layihə həyata keçirir. Layihə çərçivəsində indiyədək Təmrinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi nömrələri işıq üzü görüb.

 

Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzadənin (18121878) vəfatının 143-cü ildönümü (12 iyul) ərəfəsində dərginin xüsusi nömrəsi çap olunub.

 

Xüsusi nömrə ümummilli lider Heydər Əliyevin sözləri ilə açılır: Mirzə Fətəli Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir.

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədibin 200 illiyi ilə bağlı sərəncamından fikirlər təqdim olunur: Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır....

 

Dərginin xüsusi nömrəsində Xalq yazıçısı Anar, Milli Məclisin deputatı Cavanşir Feyziyev, akademik İsa Həbibbəyli, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, professor Cavanşir Yusifli, ədəbiyyatşünaslar Şahbaz Şamıoğlu, Mətanət Vahid, Tural Adışirin və şair Səlim Babullaoğlunun məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramaturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tbilisidəki ev-muzeylərindən fotolar, habelə Bakıda şairin adının əbədiləşdirildiyi abidə və yerlərin fotoları, M.F.Axundzadə ilə bağlı dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.

 

Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu (Şərqin Volteri Mirzə Fətəli Axundzadə) yazısını Cavanşir Feyziyev bu sözlərlə bitirir: Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub.

 

Xüsusi nömrəni nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin koordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.

 

Dərgi Türkiyənin kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Bu, Mirzə Fətəlinin çağdaş Türkiyədə tanıdılmasına önəmli töhfədir.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 7.