Qarabağ, Şərqi Zəngəzur...

 

Prezident İlham Əliyev iyulun 7-də Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb

 

Fərmanda qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

 

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

 

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən GəncəQazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

 

Fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgü 14 iqtisadi rayonu əhatə edir: Bakı iqtisadi rayonu (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); AbşeronXızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); GəncəDaşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları); Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); QazaxTovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); QubaXaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); LənkəranAstara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); MilMuğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); ŞəkiZaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); ŞirvanSalyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonları).

 

Xatırladaq ki, indiyədək mövcud olan bölgüdə 11 iqtisadi rayon vardı: Bakı şəhəri; Naxçıvan; Abşeron; Gəncə-Qazax; Şəki-Zaqatala; Lənkəran; Quba-Xaçmaz; Aran; Yuxarı Qarabağ; Kəlbəcər-Laçın; Dağlıq Şirvan.

 

Yeni bölgüdə Aran iqtisadi rayonu (18 rayon və şəhər) üç yerə bölünüb, həmçinin Kəlbəcər-Laçın iqtisadi rayonu əvəzinə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

 

Fərmanda o da qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının 20192023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası məqsədləri üçün həmin Dövlət Proqramında göstərilmiş iqtisadi rayonların bölgüsü tətbiq edilir. Yəni yeni bölgü artıq növbəti Dövlət Proqramında nəzərə alınacaq.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 1.