Mirəli Mirqasımovun yaradıcılıq dünyası

 

Azərbaycan heykəltəraşlıq sənəti tarixində onun adı böyük ehtiramla çəkilir. Xalq rəssamı Mirəli Mirqasımov (9.2.1924 – 9.11.2003) istər dəzgah, istərsə də monumental heykəltəraşlıq sahəsində müəllifi olduğu yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb.

 

O, AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, tibb alimi Mirəsdulla Mirqasımovun ailəsində dünyaya göz açmışdı. Şübhəsiz ki, ailəsində elmə, sənətə olan maraq ona ilk növbədə valideynlərindən sirayət eləmişdi. M.Mirqasımovun gələcəkdə tanınmış incəsənət xadimi olmasında anası Ceyran xanımın həlledici rolu olub. Yeddi yaşında eşitmə qabiliyyətini itirmiş gələcək heykəltəraşa anası qayğı ilə yanaşıb, oğlunun sənətin sirlərinə yiyələnməsində xüsusi fədakarlıq göstərib. M.Mirqasımov ortaali ixtisas təhsilini sırf heykəltəraşlıq üzrə almış ilk tişə ustalarımızdandır. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1939-1943) müəllimi məşhur heykəltəraş P.Sabsay olub, daha sonra İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1944-1950) tanınmış heykəltəraşlar A.T.Matveyev, V.A.Sinayski, M.K.Anikuşin, rəssamlar S.L.Abuqov və A.A.Mılnikovdan heykəltəraşlıq sənətinin sirlərini öyrənib.

 

M.Mirqasımov yarım əsrdən çox uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, bədii-estetik məziyyətlərə malik bir çox büst portret əsərləri və monumental heykəltəraşlıq abidələri ərsəyə gətirib. M.Mirqasımovun yaradıcılığının əsas xüsusiyyətləri kimi professional işlənilmə, mükəmməl bədii obraz yaradıcılığı, surətlərin fərdi xarakterik və ümumiləşdirilmiş formada bədii işlənilmə xüsusiyyətlərini vurğulamaq olar. Sənətkarın dəzgah heykəltəraşlığı sahəsində yaratdığı büst portretlərə nə qədər poetiklik, lirizmzahiri statiklik xasdırsa, monumental heykəltəraşlıq abidələrində isə, əksinə olaraq, dinamizm, daxili ekspressivlik və gərgin müdrik düşündürücülük əlamətləri xasdır. Bu xüsusiyyətlər həmçinin obrazların özlərinin yaşamış olduqları həyat tərzləri ilə əlaqədardır.

 

Qeyd etmək lazımdır ki, heykəltəraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltəraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər),  “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltəraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

 

Nümayiş olunan bu sənət incilərindən estetik zövq alan tamaşaçı çox zaman fikirləşmir ki, sənət nümunəsi kimi tamaşa etdiyi əsər hansı və necə mürəkkəb yaradıcılıq prosseslərindən keçərək gəlib bu səviyyəyə çıxıb. Heykəltəraş yaradıcılığının ilkin dövrlərində gənclik şövqü ilə yaratdığı obrazlarda daha çox vurğunu gözəllik, lirika üzərində kökləyib.  M.Mirqasımov “Ana”, “Nefçi”  və “Qız göyərçinlə” portretlərinə görə 1955-ci ildə Varşavada təşkil olunan Gənclərin və Tələbələrin  V Ümumdünya Festivalında laureat adına layiq görülmüşdü. Bu mükafat tişə ustasının dəzgah heykəltəraşlığı sahəsində yaradıcılığına verilmiş qiymət idi.

 

Ümumiyyətlə götürtdükdə, yaradılmış bütün monumental heykəltəraşlıq nümunələrinin ilkin variantı dəzgah heykəltəraşlığından keçir. Heykəltəraş hər hansı bir monumental abidə üzərində işləyərkən onun kiçik modellərini, eskizlərini hazırlayır. M.Mirqasımovun iştirak etdiyi müsabiqələrdə monumental heykəltəraşlıq abidələri üçün yaratmış olduğu eskiz layihələrə “C.Cabbarlı” (1959, gips), “M.Füzuli” (1962, gips), “İ.Nəsimi” (1973, gips), “C.Cabbarlı” (1981, gips) və başqalarını qeyd etmək olar.

 

M.Mirqasımovun müəllifi olduğu monumental heykəltəraşlıq abidələrinə Sumqayıt şəhərində “N.Nərimanovun büstü” (1964, bürünc), Naxçıvan şəhərində “C.Məmmədquluzadənin heykəli” (1974, bürünc, memar Ənvər İsmayılov), Bakı şəhərində “C.Cabbarlının heykəli” (1982, qranit, memar Yusif Qədimov) göstərmək olar. Sadalanan abidələr şəhərlərimizin ümumi memarlıq quruluşunun həllində və yerləşdiyi yerlərin məkan-plan quruluşları ilə ahəngdarlıq təşkil edir, sakinlərin və  qonaqların bədii-estetik zövqünü oxşayır.

 

Dahi yazıçı, məşhur “Molla Nəsrəddin” jurnalının naşiriredaktoru Mirzə Cəlilin heykəli Naxçıvan şəhərində ucaldılmış ilk monumental abidələrdən biridir. Yazıçının adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrının qarşısında ucaldılan heykəlin ümumi hündürlüyü 5 metrdir, postamenti qranit üzlüklə üzlənib. Sağ ayağı bir az yığılı, sol ayağı bir qədər irəli, sağ qolu sağ qıçı üzərində uzalı, sol əli sol qıçına söykəli  (sanki yazıçı irəliyə doğru əyilmiş bədəninin müvazinətini saxlayır), başı bir qədər yana yönəlmiş, əngin xəyallar burulğanına qərq olmuş vəziyyətdə, baxışlarından fikir süzülən yazıçının son dərəcə poetik, əsil Mirzə Cəlil xislətinə malik bədii obrazı əbədiləşdirilib. Yazıçının üst geyimi – paltosunun sol çiyninə aşırılmış vəziyyətdə təsvir edilməsi obrazın bədii-estetik məzmununu qüvvətləndirməyə hesablanıb və kompozisiyanın bitkinliyini təşkil edir. Abidə monumental heykəltəraşlıq sənətimizdə xüsusi yer tutur.

 

M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, məşhur yazıçı, dramaturq, incəsənət xadimi Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizmdinamizm, yazıçının daxili gərginliyi  abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltəraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltəraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltəraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

 

M.Mirqasımov həmçinin atası, AMEA-nın ilk prezidenti, məşhur həkim Mirəsədulla Mirqasımovun Fəxri xiyabandakı qəbirüstü memorial abidəsinin müəllifidir.

 

Heykəltəraş bütöv yaradıcılığı boyu hər zaman yüksək sənət amallarına sadiq qalaraq, uğurlu yaradıcılıq yolu keçib və hər zaman bədii-estetik zövq aşılayan, nəzər-diqqəti cəlb edən bitkin sənət əsərləri ərsəyə gətirib. XX əsr heykəltəraşlıq sənətimizin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.

 

M.Mirqasımovun bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1963), “Xalq rəssamı” (1982) fəxri adlarına və müstəqil dövlətimizin “Şöhrət” ordeninə layiq görülüb.

 

Xalq rəssamı, məşhur heykəltəraş Mirəli Mirqasımovun müəllifi olduğu heykəltəraşlıq əsərləri var olduqca sənətkar da təsviri sənət tariximizdə yaşayacaq.

 

Əsəd QULİYEV

sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

Mədəniyyət.- 2021.- 9 iyul. S. 1; 7.