Bakı Uşaq və Gənclər Teatrı Qaliblər düşərgəsində

Bakı Uşaq və Gənclər Teatrı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan Qaliblər düşərgəsində şou proqram təqdim edib.

 

Qaliblər düşərgəsi Şüvəlan qəsəbəsi Humanitar fənlər təmayüllü gimnaziyada For Azerbaijan Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi, eləcə də Təhsil, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri, Sosial Xidmətlər, Bakı Nəqliyyat və Dövlət Turizm agentlikləri, digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə təşkil edilib.

 

14 gün davam edəcək düşərgədə 13-14 yaşlı uşaqlar üçün müxtəlif mövzuları əhatə edən təlimlər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar nəzərdə tutulub.

 

Bakı Uşaq və Gənclər Teatrı Qaliblər düşərgəsinin sakinlərinə maraqlı proqram təqdim edib. Teatrın aktyorları Niyaz İlyasoğluMehman Piriyevin aparıcılığı ilə keçən tədbirdə sehrbaz Tofiq İsgəndərlinin illüziya nömrələri, Zeynəb Kəngərli, Əfruz Əliyeva, Ədalət Ağaverdizadənin ifasında musiqilər, Könül Şahbazova, Natiq Fərzəliyev, Gülər Ləzgiyeva, Türkan Şahmarlı, Nərminə Məhərrəmova, Sənan Fərzəliyev, Toğrul İsabəyli, Rəhimə AbdinovaEmin Balayevin ifasında tamaşalardan kiçik parçalar, rəqslər nümayiş olunub. Uşaqlarla interaktiv oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

 

Biz qaliblərik devizi altında keçən tədbir uşaqlar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 4.