Respublika Uşaq Kitabxanası əl işləri müsabiqəsi elan edib

İşğaldan azad olunan abidələrimiz

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası məktəblilərin yay tətili zamanı asudə vaxtlarını səmərəli keçirmələri üçün daha bir müsabiqəyə elan edib.

Kitabxana əvəzolunmaz milli sərvətimiz olan Qarabağın tarix və mədəniyyət abidələri haqqında məlumatları uşaq və yeniyetmələr arasında daha geniş təbliğ etmək üçün 8 Noyabr Zəfər Gününə həsr olunmuş İşğaldan azad olunan abidələrimiz adlı ümumrespublika əl işləri müsabiqəsi elan edib. Müsabiqə 10-15 yaş məktəblilər arasında keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtmaq, istedadlı uşaqları üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Məktəblilər müsabiqəyə Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələri ilə bağlı əl işlərini təqdim etməlidirlər. Əl işlərinin hazırlanmasında müxtəlif materiallardan (gil, papye-maşe, karton, taxta, şüşə və s.) istifadə oluna bilər.

Təqdim olunan əl işləri haqqında qısa məlumat (hansı rayonda yerləşir, işğal olunduğuişğaldan azad edildiyi tarixs.) verilməlidir.

Əl işləri oktyabrın 15-dək kitabxananın Kütləvi işlər şöbəsində qəbul olunacaq.

İştirakçılar əl işləri ilə yanaşı özləri haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, sinif, telefon nömrəsi, e-mails.) da təqdim etməlidir.

Müsabiqənin yekunu olaraq noyabrın 5-də əl işlərindən ibarət sərgi təşkil olunacaq.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 7.