Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər

Təkrar səsvermə keçiriləcək

 

İyulun 13-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər təşkil edilib. Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən Beynəlxalq Muğam Mərkəzində təşkil olunan seçkilərin gedişini media mənsubları da izləyib.

 

Seçkilər İctimai iştirakçılıq haqqında 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnaməyə uyğun olaraq keçirilib.

 

Qeyd edək ki, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə seçilməsi nəzərdə tutulub. Ümumilikdə 49 qeyri-hökumət təşkilatının rəhbər və ya təmsilçisi İctimai Şura üzvlüyünə namizəd göstərilmişdi. Seçici qismində 250-dən çox ictimai təşkilat nümayəndəsi qeydiyyatdan keçmişdi.

 

Səsvermədən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, nazirlik yanında ilk dəfə yaranacaq şuranın fəaliyyəti mədəniyyət sisteminə nəzarəti gücləndirəcək, eyni zamanda nazirlikonun tabeliyində olan qurumlarla qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlığın qurulmasına yardımçı olacaq.

 

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə qeyd edib ki, mədəniyyət ümumilikdə ölkənin bütün insanlarını maraqlandıran sahədir. O, ümidvar olduğunu bildirib ki, İctimai Şuraya seçiləcək üzvlər nazirliyin ictimai təşkilatlarla münasibətlərinin səmərəli qurulmasına öz töhfəsini verəcək və bu sahədə həm şəffaflığın təmin edilməsi, həm də keyfiyyətin artmasına yardımçı olacaqlar.

 

Sonra İctimai Şuraya seçki prosesi başlayıb. Səsvermə nəticəsində, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd Əlibəyov Gəray Ayaz oğlu (Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi) İctimai Şuranın üzvü seçilib.

 

Qalan 8 yerə 16 iyul 2021-ci il tarixdə saat 10:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər (48 nəfər) arasında təkrar seçkilər keçiriləcək.

 

Təkrar seçkidə qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutları təmsilçilərinin seçici qismində iştirakı nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 1.