Bədii improvizələrin işığında

 

Çoxəsrlik Azərbaycan təsviri sənətinin müstəqillik dövrünü əhatə edən inkişafının ən səciyyəvi xüsusiyyətlərindən biri sənət meydanına gələn yeni müəlliflərin dünyamıza fərdi və fərqli bədii yanaşma sərgiləmələridir. Onların sırasında özünəməxsus yaradıcılıq axtarışlarını Əcəmi Naxçıvani, Bəhruz bəy Kəngərli yurdunda həyata keçirməkdə davam edən Əməkdar rəssam Cavid İsmayılovun adını çəkmək istərdik.

 

Son dövr yaradıcılığında müşahidə olunan dəst-xəttin daha da cilalandığını “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında işlədiyi “Qayıdış” tablosunda əyaniləşdirən rəssam, yağlı boya ilə işlədiyi bu mürəkkəb kompozisiyalı əsərində rəng-yaxı improvizələrinin bədii-texniki təsir gücünü sona qədər göstərməyə nail olmuşdur.

 

Cavid İsmayılov rəngkarlığının cəlbedici mayasını onun istənilən mövzulu – müxtəlif janrlı əsərlərindəki estetikanın gerçəkliyə bədii münasibətdə nümayiş etdirdiyi “müəllif səmimiliyi” təşkil edir. Məhz əsərlərində kiməsə bənzəməkdən və yaxud da nələrisə təqlid etməkdən uzaq olan səmimilikdən qaynaqlanan estetikada onun özünəməxsusluğunu şərtləndirən məziyyətlər duyulmaqdadır. Yaxşı haldır ki, bu estetikanın bədii dəyər tutumunu milli bədii qaynaqlarla yanaşı, bu gün də hamımızı heyrətləndirməkdə davam edən maddi mədəniyyət nümunələrində hifz olunan gözəllik işartılarının bir araya gətirilməsi təşkil edir. Tamaşaçının göz-gözə qaldığı müxtəlif janrlı tabloların rəng qatındakı cəlbedici və yaddaqalan tutumda milli dəyər saxlancımıza yaradıcı münasibət həm də ovsunlayıcı rəng improvizələri ilə ifadə olunduğundan, bu bədii nəticələr zamansızlığa və məkansızlığa qovuşmuş kimi qəbul olunurlar...

 

Gənc rəssam xüsusi vurğuladığımız bu bədii yanaşmanı ən müxtəlif janrlı əsərlərində sərgiləmişdir. Müəllifin həmin janrların estetik coğrafiyasının hüdudlarını duyulası dərəcədə genişləndirdiyi adi gözlə belə görünəndir. Bu mənada ilk növbədə “Musiqi qəlbdən gələndə”, “Qaranquşlar”, “Əli və Nino”, “Dörd ünsür”, “Laylay”, “Novruz axşamı” və “Qayıdış” kimi süjetli kompozisiyaların adını çəkmək istərdik. Onun bu əsərlərin məna-məzmun yükünə gətirdiyi əyanilik başlıca ideyanın qabardılmasından keçdiyindən, buradakı fiqurlar və onları əhatələyən müxtəlif ayrıntılar bir-birini tamamlamaqla, həm də bədii bütövlüyün təminatçısı kimi çıxış edirlər. Müxtəlif dinə mənsub olan aşiqlərin bir-birinə qovuşmaq istəyinin (“Əli və Nino”), uzaq-yaxın keçmişdə yaşanan cəngavərlik dərslərinin 44 günlük Vətən müharibəsi döyüşçüləri üçün ruhlandırıcılığının, bahar müjdəli qaranquşların uçuşundakı axıcı ritminQaranquşlar”), səslənən musiqinin dinləyici ovsunlayıcılığının (“Musiqi qəlbdən gələndə”) və körpəyə yönəli nəhayətsiz ana məhəbbətinin təcəssümündə (“Laylay”) rəng plastikasının oynaqlığını şərtləndirən improvizələrin bədii yükü ovqatyaradıcı duyğulandırıcılığa kökləndiyindən, təqdim olunan müəllif fikri həm də düşündürücü baxılır...

 

Cavid İsmayılovun portret yaradıcılığının müasir rəngkarlığımızı özünəməxsus çalarlarla zənginləşdirdiyi danılmazdır. İsti-soyuq rənglərin cəlbedici “qonşuluğundan” yaranan bədii təzadın obrazlara bənzərsiz bədii-psixoloji tutum verməsi onun portretlərinin fərqləndirici-səciyyəvi xüsusiyyətidir. Rəng təzadlarının cəsarətlə tətbiqi rəssamın “Şairə Qönçəbəyim”, “Xan qızı”, “Düşüncələr”, “Təmas”  və ”Vətən mənə oğul desə nə dərdim...” əsərlərində qabarıq ifadə olunmuşdur. Bu cür bədii yanaşmanın bizi müxtəlif taleli insanlarla qarşılaşdırması, həm də onların mənəvi dünyalarını  gözoxşayandüşündürücü məzmun yükünə bələdiyindən, tamaşaçının göz-gözə qaldığı bədii bütövlük – əsərlərin dominantına çevrilmiş obrazlar qürurverici qaynaq kimi qəbul olunur.

 

Ana xəttini Vətən sevgisi təşkil edən Məmməd Araz poeziyasının bədiiləşdirilməsində, ömür yolları təzadlı olan şairələrin talelərinə tutulan “bədii güzgü”də və məhəbbətlə sınağa çəkilən gənc qızların yaşantılarında rəssam yozumu gözoxşayan bədii improvizələrdən keçdiyindən onlar bədii həlli bir-birindən fərqlənən əsərlər kimi baxılırlar. Gözoxşayan rəng çalarlarını qrafik əlavələrlə zənginləşdirən müəllifin bununla  rəng qatının cəlbedici oynaqlığını əldə etməsi bu portretlərdə qabarıqdır...

 

II Qarabağ savaşında əldə olunan Zəfərin gənc rəssamın yaradıcılığında dərin iz buraxdığını onun müxtəlif janrlı əsərləri də təsdiqləyir. Yuxarıda adını vurğuladığımız “Qayıdış” tablosu bədii miqyasına görə diqqətçəkəndir, desək, yanılmarıq. Qənaətimizcə, bu tablo onun batal janrında daha möhtəşəm və yaddaqalan əsərlər yaratmaq potensialını gözəl əks etdirir. Bu mənada istedadlı rəngkarın yaratdığı müxtəlif döyüşçü - şəhid portretlərini də yaxın gələcəkdə baş tutacağı istisna olunmayan miqyaslı tabloya hazırlıq mərhələsi hesab etmək olar.

 

Rəssamın yağlı boya ilə çəkdiyi həmin portretlərdə ikonoqrafik dəqiqliyin bədii gerçəkliklə uğurlu sintezinə üstünlük verilməsi bədii vasitə kimi yaddaqalandır. Bununla belə, onun təntənəli xarakter daşıyan “Ömür yollarında” və “Gələcəyə inamla” portret-kompozisiyalarında fərdi improvizə potensialından nisbi istifadə olunduğu hiss edilsə də, torpaqlarımızın suverenliyi uğrunda canlarından keçməyə hazır olan Cavanşir Rəhimov, Əliyar Mirzəyev və Polad Həşimovun obraz-portretlərində rəssamın yaxı-cizgi ekspressiyasını yaddaqalan estetikaya çevirə bilməsi qabarıq görünməkdədir.

 

Cavid İsmayılovun portretlər qalereyasında yer almış digər obrazlara müəllif münasibəti göstərir ki, onun müxtəlif texnikalarda ərsəyə gətirilmiş lövhələrində uzaq-yaxın keçmişimizi şərəfləndirən şəxsiyyətlərə bədii yanaşmasında yaddaqalan mənəvi qaynaq yaratmaq istəyi öndədir. Bunu onun Naxçıvan torpağının rəmzinə çevrilən Bəhruz bəy Kəngərliyə həsr olunmuş portreti də təsdiqləyir. İsti-soyuq çalarların axıcılıqla əvəzlənməsindən yaranan bu obrazda nakam sənət aşiqinin çox qısa ömür yolunu şərtləndirən təzadlı yaşantılarına cəlbedici “bədii güzgü” tutulmuşdur, desək, həqiqəti söyləmiş olarıq...

 

Gənc rəssamın vaxtaşırı müraciət etdiyi akvarel texnikasının da onun üçün önəmli bədii vasitə olması bu sahədə yaratdığı qrafik lövhələrdən görünməkdədir. Bunu şərtləndirən başlıca səbəb onun əsərlərində bu texnika üçün vacib və səciyyəvi olan rəng şəffaflığının sona qədər qorunub saxlanılmasıdır. Bunu Cavid İsmayılovun ərsəyə gətirdiyi mənzərə və natürmortlarında müşahidə etmək mümkündür. Onun bu texnikanın icra sənətkarlığına dərindən bələd olmasının nəticəsidir ki, tətbiq etdiyi bədii improvizələrin sayəsində akvarellə çəkilmiş müxtəlif janrlı əsərlərində təsvirlər təravətli və heyranedici görünürlər. Bunu “Naxçıvan nemətləri”, “İlandağ”, “Naxçıvan mənzərəsi ”, “Natürmort” və s. qrafik lövhələri də təsdiqləyir.

 

Sonda rəssamın təsviri sənətdə yetişməkdə olan yeni nəslinin bədii vərdişlərə yiyələnməsində xidmətlərini də qeyd etmək istərdik. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində çalışan Cavid İsmayılovun tələbələrinin respublikada keçirilən müsabiqələrdə müxtəlif mükafatlar qazanması da ali təhsil ocağında aparılan uğurlu tədrisin nəticəsi kimi qəbul olunmalıdır...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

Mədəniyyət.- 2021.- 14 iyul. S. 7.