Xalça sənəti və ipəkçilik

Əməkdaşlıq memorandumu imzalanıb

 

Azərbaycan xalçası brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan əhəmiyyətli addımların davamı olaraq Azərxalça ASC ilə Azəripək MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Memorandumu Azərxalça ASC İdarə Heyətinin sədri Emin Məmmədov və Azəripək MMC-nin direktoru Zaur Yaqubov imzalayıblar.

 

Mərasimdə çıxış edən Emin Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiq olunması bu sənətə yüksək diqqət və qayğının göstəricisidir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

 

İdarə heyətinin sədri vurğulayıb ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılıq sənətinin yaşadılmasına da dəyərli töhfələrini verir.

 

Qeyd edilib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalıdır.

 

Zaur Yaqubov Azəripək MMC-nin fəaliyyəti, görülən işlər haqqında məlumat verib və gələcək uğurlu əməkdaşlıq üçün fikirlərini bölüşüb.

 

Qeyd edək ki, memoranduma əsasən, Azərxalça ASC bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini Azəripək MMC-dən satın alacaq. Həmçinin istehsal olunan məmulatların satışına dəstək sahəsində əməkdaşlıq ediləcək, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.

 

Xatırladaq ki, buna qədər Azərxalça ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra Azəripək MMC-dən əldə olunan ipək iplik yenieksperimental xalçaların toxunmasında istifadə olunacaq.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 5.