Ssenari müsabiqəsinin qalibləri elan edilib

 

Biri həkim-pediatr, digəri iqtisadçıdır

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi Qarabağ Azərbaycandır! qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmləri ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, ssenari müsabiqəsinin münsiflər heyətinə Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib. Münsiflər heyətinin üzvləri ittifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Elxan Cəfərov və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov olub.

 

Münsiflərin yekun rəyi ARKİ İdarə Heyətinin geniş tərkibdə iclasında müzakirə edilib.

 

ARKİ-nin sədri Şəfiqə Məmmədova iclasda diqqətə çatdırıb ki, müsabiqəyə 48 ssenari təqdim olunub.

 

Münsiflər ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub bədii xüsusiyyətləri, ssenarilərin müsbət mənfi cəhətlərini qeyd ediblər. Münsiflər heyətinin üzvləri təəssüflə bildiriblər ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmayıb. Təqdim olunmuş animasiya filmləri üçün ssenarilərin isə heç biri ideya səviyyəsinə aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir.

 

Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələrək nominasiya üzrə qalibləri elan ediblər:

 

Ən yaxşı tammetrajlı film ssenarisi Xəzər dalğası (Elnur Rzayev). Mükafatı 5000 manat.

 

Ən yaxşı qısametrajlı film ssenarisi Xarıbülbül (Leyla Nəsibli). Mükafatı 3000 manat.

 

Qeyd edək ki, müsabiqənin qalibləri olan Leyla Nəsibli ixtisasca həkim-pediatr, Elnur Rzayev isə iqtisadçıdır.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 5.